Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Mərkəzi İctimai Birliyi “Qalib xalqın Qəhrəmanları” layihəsi həyata keçirir.
Ucnoqta.az xəbər verir ki, layihə çərçivəsində Qəbələ rayonunda keçirilən tədbirdə Gənclər Mərkəzi İctimai Birliyin sədri, layihənin rəhbəri Kənan Qubadzadə bildirib ki: “ Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə Gənclər Mərkəzi İctimai Birliyi “Qalib xalqın Qəhrəmanları” adlı layihənin icrasına başlayıb.
Layihənin müddəti 3 ayı əhatə edir. Layihənin əsas məqsədi Azərbaycan xalqının tarixinə şanlı səhifələr yazmış Vətən müharibəsi qəhrəmanların tanıdılması, onların göstərdiyi şücaətin gələcək nəsillərə ötürülməsi və vətənpərvərlik duyğularının gücləndirilməsidir. Eyni zamanda, bu layihə şəhid və qazilərin ailələrinə mənəvi dəstək göstərməyi və ictimai yaddaşda onların rolunun qorunub saxlanmasını hədəfləyir.
Tədbirdə çıxış edən Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sahəsi üzrə baş məsləhətçisi Qaraxan Göyüşlü və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin şöbə müdiri Əhmədli Əhməd çıxışlarında bildirdilər ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Gənclər Mərkəzinin həyata keçirdiyi “Qalib xalqın Qəhrəmanları” layihəsi Azərbaycan xalqının Vətən müharibəsində (İkinci Qarabağ müharibəsində) göstərdiyi qəhrəmanlığı, şəhidlərimizin və qazilərimizin şücaətini cəmiyyətə tanıtmaq, gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirmək məqsədilə hazırlanmışdır.
Layihə çərçivəsində və sonrakı dövrlərdə benefisiarlar tərəfindən qəhrəmanlıq göstərmiş şəxslərin həyat yolu, döyüşdəki fəaliyyətləri və xalq arasında yaratdıqları mənəvi irs geniş şəkildə işıqlandırılacaq və təbliğ olunacaqdır.
Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndəsi Teymur Alşanov iştirak edirdi. Sonda tədbir iştirakçılarına bukletlər və sertifikatlar verildi.