Kamera görüntülərini yayanlar cəzalana bilər? - Ali Məhkəmə

10:35 - 18 Fevral 2026 - Cəmiyyət

Hazırda həm avtomobillərdə quraşdırılan videoqeydiyyat cihazları, həm də yaşayış binalarının girişlərində yerləşdirilən müşahidə kameraları ilə hər an rastlaşırıq. Qəza, oğurluq, mübahisə və digər hadisələr zamanı həmin görüntülər sübut kimi istifadə olunur və çox vaxt sosial şəbəkələrdə, xəbər saytlarında ictimailəşdirilir. Lakin texnologiyanın yaratdığı bu imkanlar eyni zamanda hüquqi və etik suallar doğurur: görüntülərin hüquqi rəy və ya aidiyyəti şəxslərin razılığı olmadan yayılması şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması hesab edilə bilərmi?

Ucnoqta.az xəbər verir ki, mövzu ilə əlaqədar Trend-in sorğusuna cavab olaraq Ali Məhkəmədən bildirilib ki, ictimaiyyət üçün açıq yerlərdə (küçələrdə, restoranların, şadlıq saraylarının, klinikaların, otellərin, konfrans zallarının və digər iaşə obyektlərinin giriş, foye, dəhliz, ümumi zal və digər açıq zonaları, ictimai nəqliyyat vasitələri və s.) təhlükəsizliyin təmin olunması məqsədi ilə xüsusi texniki vasitələrlə audio-video çəkilişlərinin aparılmasına müəyyən şərtlər daxilində yol verilir.

"Bu məqsədlə kameraların quraşdırıldığı açıq məkanlarda (küçə və s.) çəkiliş aparılmasına razılıq tələb olunmur. Lakin qapalı məkanlarda çəkilişin aparılmasına dair xəbərdaredici məlumatların yerləşdirilməsi tələb olunur. Bu halda hər kəsin görə biləcəyi yerdə və anlaşılan məzmunda çəkilişin aparılmasına dair məlumatın vurulması həmin yerlərə daxil olan şəxslərin çəkilişə razılığının əldə edilməsini ehtiva etmiş olur.

Bu görüntülərin və səs yazılarının həmin şəxslərin razılığı olmadan yayılmasına isə yalnız dövlət və ictimai maraqların təmin olunması məqsədilə yol verilir. Məhz bu əsaslara bağlı qəza, oğurluq və digər hadisələrin ictimailəşdirilməsi yol veriləndir".

Ali Məhkəmədən əlavə edilib ki, dövlət və ictimai maraqlar olmadığı halda razılığı olmadan barəsində məlumat yayılmış şəxs həmin məlumatın əldə edilməsi və yayılması ilə bağlı hüquqazidd əməllərə yol verən şəxslərə qarşı mülki qaydada şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia qaldıra bilər.

Xəbər xətti