Qudyalçayın Xaçmaz rayonu, Xaspoladoba kəndi ərazisindən keçən hissəsində yerləşən və bir neçə kəndi rayon mərkəzi ilə birləşdirən körpü qəzalı vəziyyətə düşüb.
Ucnoqta.az xəbər verir ki, ərazidə hərəkətin fasiləsiz təmin edilməsi məqsədilə alternativ yol çəkilib və körpünün yenidənqurma işlərinə start verilib. Hazırda tikinti işləri davam etdirilir.
Əlavə olaraq bildirilib ki, yeni körpü müasir standartlara uyğun inşa olunacaq, yükdaşıma və minik avtomobillərinin təhlükəsiz hərəkəti tam təmin ediləcək.
Layihə çərçivəsində ətraf ərazidə abadlıq işlərinin də aparılması nəzərdə tutulur. İşlərin qısa müddətdə başa çatdırılması planlaşdırılır.
Qeyd edək ki, körpünün yenidən qurulması bölgə sakinlərinin rayon mərkəzinə təhlükəsiz, rahat və fasiləsiz gediş-gəlişinə mühüm töhfə verəcək.