Yazıçı Şərif Ağayar SSRİ və Azərbaycanın Xalq artisti, görkəmli müğənni Rəşid Behbudovun ailəsindən üzr istəyib.
Ucnoqta.az bildirir ki, bir neçə gün əvvəl Ş.Ağayar R.Behbudov haqda qalmaqallı paylaşım etmişdi. Bu paylaşım geniş ictimai rezonans doğurmuşdu.
Şərif Ağayar bununla bağlı bildirib:
“Məlum qalmaqallı statusumda heç də məqsədim Xalq artisti Rəşid Behbudovu aşağılamaq olmayıb. Mən yumşaq kişi səslərinin toyxanaları başına götürməsindən yazmışdım. Rəşid müəllimlə bağlı sadəcə xırda bir nüans, hətta bir ifadə vardı, o isə müğənninin özünə yox, səsinə aid idi. Düzü, fikirlərimin bu qədər geniş rəy doğuracağını, ailəsini, müğənninin yaxınlarını və onu sevənləri bu qədər narahat edəcəyini düşünmürdüm. Mən insanları heç vaxt incitmək istəmirəm.
Görünür, ifadələri seçəndə bir az diqqətsizlik etmişəm. Buna görə ilk növbədə sənətkarın ailəsindən, daha sonra bütün Rəşidsevərlərdən üzr istəyirəm. Xatırladım ki, Rəşid Behbudova sənətkar kimi lap gəncliyimdən yüksək qiymət vermiş və haqqında dəfələrlə müsbət yazılar, xoş fikirlər yazmışam.
Ümid edirəm, indən belə inciklik və narahatlıq aradan qalxar, mənim də vicdanım rahat olar”.