Bel-boyun ağrıları niyə çoxalıb? - Kayropraktik uzmanı ilə müsahibə

12:22 - 27 Dekabr 2025 - Cəmiyyət

Son illər bel və boyun ağrıları demək olar ki, hər yaş qrupunda rast gəlinən əsas sağlamlıq problemlərindən birinə çevrilib.

Xüsusilə oturaq həyat tərzi və uzunmüddətli kompüter istifadəsi onurğa problemlərini daha da artırır.
-Bu mövzu ilə bağlı Zəhra klinikasının kayropraktik uzmanı Vüqar Aslanlı maraqlı müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik.

– Azərbaycanda insanlar daha çox hansı ağrılarla sizə müraciət edir: bel, boyun, kürək, yoxsa baş ağrıları?
-Azərbaycanda pasiyentlərin böyük əksəriyyəti bel və boyun ağrıları ilə müraciət edir. Xüsusilə son illərdə oturaq həyat tərzi artdıqca kürək ağrıları və gərginlik mənşəli baş ağrıları da daha çox müşahidə olunur. Ən çox rast gəlinən problem bel-boyun kompleksidir.

– Uzun müddət kompüter arxasında işləyən şəxslərdə bel və boyun ağrılarının əsas səbəbi nədir?
-Əsas səbəblər düzgün olmayan oturuş, statik gərginlik və əzələlərin uzun müddət hərəkətsiz qalmasıdır. Bu vəziyyətdə onurğa həddindən artıq yüklənir, əzələ balansı pozulur və nəticədə ağrı yaranır.

– Kayropraktik müalicə hansı hallarda effektivdir və hansı hallarda mütləq həkim müayinəsi lazımdır?
-Kayropraktik müalicə əzələ gərginliyi, oynaqların hərəkət məhdudluğu və duruş pozuntuları kimi funksional problemlərdə çox effektivdir. Amma travma, infeksiya, şiş, irəliləmiş disk yırtığı və ya sinir zədələnməsi şübhəsi varsa, mütləq həkim müayinəsi və əlavə tibbi müdaxilə lazımdır.

– Bir seansdan sonra ağrının azalması mümkündürmü, yoxsa müalicə kurs şəklində aparılmalıdır?
-Bəzi hallarda ilk seansdan sonra ağrının azalması mümkündür. Lakin qalıcı və stabil nəticə üçün müalicə adətən kurs şəklində aparılır. Bu, problemin nə qədər davam etməsindən və dərəcəsindən asılıdır.

– Boyun “çırtlatmaq” və ya belin düzgün olmayan formada açılması təhlükəlidirmi?
– Bəli, bu, təhlükəlidir. Ev şəraitində, düzgün texnika və müayinə olmadan edilən hərəkətlər sinir, damar və oynaqlara zərər verə bilər. Buna görə də belə müdaxilələr yalnız mütəxəssis tərəfindən aparılmalıdır.

– Kayropraktik müalicə disk yırtığı, skolioz və onurğa əyriliklərində hansı nəticələri verir?
-Bu hallarda kayropraktik müalicə ağrının azalmasına, hərəkətin yaxşılaşmasına və əzələ balansının bərpasına kömək edir. Məqsəd problemi tam “yox etmək” deyil, vəziyyəti nəzarətdə saxlamaq və həyat keyfiyyətini artırmaqdır.

– Uzun müddət ağrıkəsici dərmanlardan istifadə edənlər üçün bu müalicə alternativ ola bilərmi?
-
Bəli, çox zaman yaxşı alternativdir. Çünki kayropraktik yanaşma sadəcə simptomu deyil, ağrının səbəbini aradan qaldırmağa çalışır. Bu da dərman asılılığının azalmasına kömək edir.

– Bel və boyun ağrılarının qarşısını almaq üçün insanlar gündəlik həyatda hansı vərdişləri dəyişməlidir?
- İnsanlar düzgün oturuş və duruşa diqqət etməli, gün ərzində müntəzəm hərəkət və fasilələr verməli, zəifləmiş əzələləri gücləndirən sadə məşqləri gündəlik həyatlarına daxil etməlidirlər. ///E-saglam.az

Xəbər xətti