Xankəndidə Yeni il yarmarkası təşkil olunub

12:34 - 27 Dekabr 2025 - ÖLKƏ İÇİ

Dekabrın 27-də Xankəndi şəhərində Kənd Təsərrüfatı Nazirliyinin və nazirliyin tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC-nin təşkilatçılığı ilə “Kənddən şəhərə” Yeni il kənd təsərrüfatı yarmarkası keçirilir.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yarmarkanın əsas məqsədi yerli fermerlərin məhsullarının satışına dəstək göstərmək, eyni zamanda əhalinin keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə daha əlçatan qiymətlərlə təmin edilməsidir.

Yarmarkada iştirak edən fermerlər öz təsərrüfatlarından gətirdikləri təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını satışa çıxarıblar. Təklif olunan məhsullar bazar qiymətlərindən aşağı qiymətlərlə təqdim edilib ki, bu da alıcıların marağına səbəb olub. Gün ərzində yarmarkada müşahidə olunan canlanma sakinlərin təşəbbüsü müsbət qarşıladığını göstərib.

Doğma torpaqlarda təşkil olunan yarmarka şəhər sakinlərində bayram əhval-ruhiyyəsi yaradıb, həm yerli istehsalçıların, həm də istehlakçıların məmnunluğunu təmin edib.

Xəbər xətti