11 il əvvəl itən təyyarənin axtarışları başlayır

11:00 - 26 Dekabr 2025 - DÜNYA

2014-cü ilin mart ayında Kuala Lumpurdan Pekinə gedərək yoxa çıxan Malayziya Hava Yollarına məxsus MH370 reysi ilə bağlı dərin dəniz axtarışları dekabrın 30-da davam edəcək.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, axtarışı Amerika şirkəti Ocean Infinity aparacaq.

"New Straits Times" qəzetinin dekabrın əvvəlində Malayziya Nəqliyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, sualtı əməliyyatlar fasilələrlə 55 gün davam edəcək. "Axtarışlar təyyarənin tapılması ehtimalının ən yüksək olduğu ərazidə planlaşdırılır", - deyə Nəqliyyat Nazirliyi bildirib.

Malayziya Hava Yollarına məxsus Boeing 777-200 təyyarəsi 8 mart 2014-cü il gecəsi Kuala Lumpurdan Pekinə yola düşüb və təxminən iki saat sonra radarlardan yoxa çıxıb. Təyyarədə 227 sərnişin və 12 heyət üzvü olub.

2015-ci ilin yanvar ayında Malayziya hakimiyyəti təyyarənin qəzaya uğradığını və təyyarədəki bütün insanların həlak olduğunu elan edib. Bu günə qədər təyyarənin izi tapılmayıb.

Xəbər xətti