2025-ci ilin noyabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin noyabr ayına nisbətən 105,5 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107,1 faiz, qeyri-qida məhsulları üzrə 102,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,7 faiz təşkil edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,7 faiz təşkil edib.
2025-ci ilin noyabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,9 faiz təşkil edib.
Cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, mal ətindən konservlərin, balıq və balıq məhsullarının, südün, yumurtanın, armudun, üzümün, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, soğanın, kartofun, qara və yaşıl çayın, alkoqollu içkilərin, ucuzlaşma isə makaronun, limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, kivinin, ağ kələmin, göyərtinin, balqabağın, lobyanın, süfrə çuğundurunun, yerkökünün qiymətlərində müşahidə olunub.
Qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,6 faiz təşkil edib. Noyabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından daha çox bahalaşma şəxsi gigiyena və zərgərlik məmulatlarının, ucuzlaşma isə məişət cihazlarının qiymətlərində müşahidə olunub.