“Böyük futbolda böyük uğurlar əldə etmək üçün etdiyin bəs etmir. Biz dayanmaq istəmirik”.
Ucnoqta.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turunda Niderlandın “Ayaks” klubu ilə keçiriləcək oyundan öncə mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis qarşıdakı matçın əhəmiyyətini vurğulayaraq azarkeşləri sevindirməyə çalışacaqlarını bildirib:
“Bizim üçün vacib qarşılaşmadır. Hazırlaşmaq üçün çox vaxtımız olmayıb. Meydanda diqqətli olmalıyıq. Qarşımızda qalib gəlmək istəyən bir komanda var. Onların hazırlıq proqramına nəzər salanda da görünür ki, bizə qarşı çox ciddi şəkildə hazırlaşıblar. Bakıya iki gün əvvəl gəliblər, fərqli meydançada məşq edəcəyik. Biz isə bu oyunda daha yaradıcı futbol sərgiləməyi arzulayırıq. Azarkeşləri sevindirməyə çalışacağıq”.
Mütəxəssis "Ayaks"ın 5 oyundan sonra xalsız olmasını "ən təhlükəli məqam" adlandırıb və “Qarabağ”a güvənərək xal gözləməyin daha doğru yanaşma olduğunu qeyd edib. O, Niderland mətbuatının "Qarabağ"ı üstün tərəf kimi görməsinə isə "Bir azərbaycanlı kimi buna ancaq sevinə bilərəm, deməli, illər ərzindəki nəticələrimizlə bunu haqq etmişik" -, deyə reaksiya verib.
Baş məşqçi "Benfika" üzərindəki qələbəni xatırladaraq mövsüm hədəflərinə çatdıqlarını, lakin bununla kifayətlənməyəcəklərini bildirib:
“Bəlkə də, hədəfimizə çatdığımızı söyləyə bilərik. “Benfika” üzərindəki qələbə bizim üçün bir dönüş nöqtəsi, böyük bir sıçrayış oldu və ardı gəldi. Ümumi götürsək, ilin yekunları çox yaxşıdır. Lakin biz dayanmaq istəmirik. Şansımız varsa, maksimumu hədəfləməliyik. Böyük futbolda böyük uğurlar əldə etmək üçün etdiyin bəs etmir. İndiyə qədərki nəticələrdən tam razıyam, amma daha böyük nəticələr üçün nəticələr qazanmalı və dayanmadan inkişaf etməliyik”.///qol.az