Mil-Muğan Regional Təhsil İdarəsinin (RTİ) təşəbbüsü ilə Saatlı rayonu Məhəmməd Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbində reallaşan konfransa rayonun ümumi təhsil müəssisələrində çalışan müəllimlər, psixoloqlar və 150 nəfərdən çox valideyn qatılıb.
Konfrans həm təhsil işçilərinin, həm də valideynlərin ortaq məsuliyyət daşıdığı tərbiyə prosesinə yeni baxış gətirməyi hədəfləyib.
Tədbiri giriş sözü ilə açan Mil-Muğan RTİ-nin müdiri Bəhruz Nəbili uşaq tərbiyəsinin yalnız məktəbin işi olmadığını, ailə ilə məktəb arasında səmimi və davamlı əməkdaşlıq formalaşmadıqca gözlənilən nəticələrin əldə olunmadığını vurğulayıb.
O, müasir dövrdə uşaqların psixoloji, sosial və akademik ehtiyaclarının daha çox diqqət tələb etdiyini bildirərək, bu ehtiyacların qarşılanmasında valideyn - məktəb birliyinin həlledici rol oynadığını qeyd edib. B. Nəbili cəmiyyətin sürətli dəyişdiyi bir zamanda məktəb və ailənin vahid komanda kimi çıxış etməsinin vacibliyini vurğulayıb. Müdirin sözlərinə görə, məktəb təkbaşına bütün tərbiyə funksiyasını daşıya bilməz və uğurlu nəticə yalnız valideynlərlə sıx əməkdaşlıq sayəsində əldə oluna bilər.
Mil-Muğan RTİ-nin Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli çıxışında məktəblərdə aparılan yeniliklər, şagirdlərlə fərdi yanaşmanın əhəmiyyəti və valideyn maarifləndirilməsinin təhsil mühitinə təsiri barədə məlumat verib. Müasir təlim-tərbiyə modelində valideynlərin rolunun artdığını qeyd edib. O, valideynlərin məktəblə daha sıx əlaqədə olmasının uşaqların özünəinamına, davranışına və oxu motivasiyasına necə müsbət təsir göstərdiyini faktlarla diqqətə çatdırıb.
Konfrans çərçivəsində uşaqlarda düzgün tərbiyə üsulları, psixoloji yanaşmalar, yeniyetməlik dövrünün çətinlikləri, ailə daxili ünsiyyət, müəllim-valideyn münasibətlərinin təməli və digər mövzular müzakirə olunub. Tədbir iştirakçıları qarşılıqlı fikir mübadiləsi apararaq real təcrübələrini bölüşüb, suallar cavablandırılıb.
Valideynlərin fəal iştirakı ilə keçirilən sual-cavab sessiyası konfransın ən dinamik hissələrindən biri olub. Bu bölmədə məktəb psixoloqları və təlimçi-müəllimlər uşaqlarda yaranan psixoloji və davranış çətinliklərinin vaxtında müdaxilə ilə aradan qaldırılmasının əhəmiyyətini vurğulayıblar.
Sonda vurğulanıb ki, sağlam, özünə güvənən və cəmiyyətə faydalı bir nəsil yetişdirmək üçün məktəb, ailə və təhsil idarələrinin birgə fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Bu kimi konfranslar isə tərəflər arasında körpü yaratmaqla əməkdaşlığın daha sistemli və səmərəli olmasına xidmət edir.
Mil-Muğan Regional Təhsil İdarəsi bu kimi tədbirlərin gələcəkdə də davam etdiriləcəyini, məktəb-valideyn əməkdaşlığının daha da gücləndirilməsi üçün yeni layihələr və maarifləndirici proqramların reallaşdırılacağını açıqlayıb.