“Uşaqların psixoloji sağlamlığı və inkişafında ailənin rolu” mövzusunda konfrans keçirilib

09:30 - 4 Dekabr 2025 - ÖLKƏ İÇİ

Mil-Muğan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə İmişli rayonunun ümumi təhsil müəssisələrinin müəllimlərinin, tərbiyəçi-müəllimlərinin, psixoloqlarının və 150 nəfərdən çox valideynin iştirakı ilə geniş tərkibli konfrans keçirilib.

Ucnoqta.az xəbər verir ki, tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov, Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, eləcə də İmişli rayonu üzrə təhsil sektorunun müdiri Elşad Uğurliyev iştirak edərək mövzu ilə bağlı çıxışlar ediblər.

Konfransın məqsədi ailədaxili münasibətlərin uşaqların emosional rifahına təsiri, valideyn davranış modelləri, sağlam psixoloji mühitin yaradılması və uşaqların sosial-emosional inkişafına dəstək mexanizmləri barədə iştirakçıları məlumatlandırmaq olub.

Tədbirdə çıxış edən Rabil Şahbazov bildirib ki, uşağın təməli ailədə qoyulur və psixoloji sağlamlıq ilk növbədə ev mühitindən başlayır. Məktəb uşağın dünyagörüşünü genişləndirən mühüm məkandır, lakin onun özünəinamı, emosional dayanıqlığı və davranış vərdişləri ailədə formalaşır. Hər bir valideyn uşaq üçün güvən verən, sevgi dolu və dəstəkləyici mühit yaratmalıdır.

Cavid Məmmədli isə qeyd edib ki, müəllim-valideyn əməkdaşlığı uşağın təlim-tərbiyə prosesində mühüm rol oynayır. Valideynin marağı və iştirakı uşağın məktəb həyatına birbaşa təsir edir. Uşaq yalnız dərs nailiyyətləri ilə deyil, emosional vəziyyəti, sosial münasibətləri ilə də diqqət tələb edir. Bu baxımdan, ailə və məktəb birlikdə addımladıqda nəticə daha müsbət olur.

Tədbir zamanı ailədaxili ünsiyyətin gücləndirilməsi, uşaqlarda stress və gərginliklə mübarizə yolları, müasir dövrdə uşaqların qarşılaşdığı psixoloji risklər və onların qarşısının alınması barədə geniş müzakirələr aparılıb. 

Valideynlər görüş zamanı onları narahat edən sualları səsləndirib, şəxsi müşahidələrini bölüşüb və mövzu üzrə dəyərli fikirlərini bildiriblər. Ümumi fikir olaraq belə maarifləndirici tədbirlərin davamlı keçirilməsinin vacibliyi qeyd olunub.

Sonda qeyd olunub ki, uşaqların psixoloji sağlamlığının qorunması və onların ahəngdar inkişafının təmin edilməsi üçün məktəb və ailə arasında sıx əməkdaşlıq əsas şərtdir. Bu istiqamətdə Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən maarifləndirici layihələrin davam etdirilməsi nəzərdə tutulur.


Xəbər xətti