Bakıda məşhur restoranda müştərilərə camış əti verilirmiş - FOTO

12:44 - 13 Noyabr 2025 - Cəmiyyət

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, ev 18A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Axundov Ağəli Məhəmməd oğluna məxsus “Aqat” şadlıq evində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. 

Ucnoqta.az Agentliyə istinadən xəbər verir ki, yoxlama zamanı şadlıq sarayında qonaqların istehlakına dana əti adı ilə təqdim olunan ətin müvafiq baytarlıq sənədi ilə təmin edilən camış əti olduğu, menyuda bununla bağlı hər hansı bir məlumat verilmədiyi müəyyən edilib.

Camış əti qida təhlükəsizliyi riski yaratmasa da, bu hal istehlakçıların aldadılaraq hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. Həmçinin yoxlama zamanı şadlıq evində soyuq qəlyanaltıların hazırlanması sahəsində işçi masaların səthlərinin tamlığının pozulduğu, mətbəx sahəsində rəflərin korroziyaya uğradığı, eləcə də digər sanitar-texniki və sanitar-gigiyenik nöqsanlar aşkarlanıb. 

Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, müəssisədə hazırlanan yeməklərdən nümunələr götürülərək, laboratoriyaya təqdim edilib.


Xəbər xətti