Son illərdə onlayn dələduzluqların sayı bütün dünyada sürətlə artır. Əvvəlcə ünsiyyət üçün yaradılmış sosial şəbəkələr və messencerlər getdikcə daha çox aldatma vasitəsinə çevrilir: cinayətkarlar şirkətlərin rəsmi hesablarını təqlid edir, saxta saytlar yaradır, “zəmanətli gəlirli investisiyalar” təklif edir və müxtəlif bəhanələrlə şəxsi məlumatları ələ keçirirlər.
Xüsusilə də dələduzlar milyardlarla istifadəçinin etibar etdiyi WhatsApp platformasından fəal istifadə edirlər. Tanış interfeys və qeyri-rəsmi ünsiyyət tərzi qurbanların ayıq-sayıq olmamasına səbəb olur, nəticədə onlar rəsmi nümayəndə ilə deyil, saxta hesabla yazışdıqlarını çox vaxt başa düşmürlər.
Yaxınlarda mütəxəssislər yeni bir dələduzluq növünə diqqət çəkiblər. İri kripto platformalar adından aparılan fişinq kampaniyaları. Dələduzlar şirkətlərin saxta profillərini yaradır və onların adından investisiya təklifləri, hesab təsdiqi istəkləri və ya vəsait köçürülməsi ilə bağlı mesajlar göndərirlər. Əslində isə bunlar şəxsi məlumatlarınızı və elektron pulqabılarınızı ələ keçirmək üçün əvvəlcədən planlaşdırılmış fırıldaq cəhdləridir.
Rəqəmlər nə deyir
Rəqəmsal fırıldaqçılığın miqyası həqiqətən təəccüblüdür. Pew Research Center-in araşdırmasına görə, təkcə 2024-cü ildə ABŞ-da onlayn cinayətlərdən yaranan ümumi zərər 16,6 milyard ABŞ dollarını keçib. Bu, indiyə qədər qeydə alınmış ən yüksək göstəricidir. WhatsApp-ın məlumatına əsasən, 2025-ci ilin ilk yarısında 6,8 milyondan çox dələduzluqla əlaqəli hesab silinib, bu da ötən illə müqayisədə demək olar iki dəfə çoxdur.
Analitik şirkət Elliptic-in hesabatı göstərir ki, 2025-ci ildə oğurlanmış kriptovalyuta vəsaitlərinin 80%-dən çoxu guya qanuni əməliyyatlar adı altında həyata keçirilən sxemlər vasitəsilə ötürülüb. Başqa sözlə, dələduzluq getdikcə daha sistemli və texnoloji cəhətdən mürəkkəb hala gəlir.
Eyni zamanda, fişinq hələ də ən geniş yayılmış hücum üsulu olaraq qalır. GetAstra-nın hesablamalarına görə, dünyada göndərilən bütün elektron məktubların təxminən 1,2%-i fişinqdir, bu isə gündəlik 3,4 milyard mesaj deməkdir. Təhlükə təkcə fərdi istifadəçilər üçün deyil, biznes üçün də aktualdır: Association for Financial Professionals-in tədqiqatına əsasən, 2024-cü ildə dünyadakı şirkətlərin demək olar ki, 10-dan 8-i maliyyə əməliyyatları zamanı dələduzluq cəhdləri ilə qarşılaşıb. Bu məlumatlar açıq şəkildə göstərir ki, hər il kiberhücumlar daha mürəkkəb və hiyləgər xarakter alır, həm məişət səviyyəli fişinq, həm də böyük miqyaslı fırıldaq sxemləri arasındakı sərhəd getdikcə yox olur.
Bu niyə vacibdir
Binance şirkəti vurğulayır ki, heç vaxt WhatsApp vasitəsilə istifadəçilərlə maliyyə məsələlərini, investisiya məsləhətlərini və ya pul köçürmələrini müzakirə etmir. Əlaqənin həqiqiliyini yalnız Binance Verify adlı rəsmi vasitə ilə yoxlamaq mümkündür. Bu alət hesabların, e-poçt ünvanlarının və Telegram kontaktlarının orijinallığını təsdiqləməyə imkan verir.
WhatsApp üzərindən aparılan dələduzluq hücumları adətən eyni ssenari üzrə gedir: əvvəlcə cinayətkar saxta profil yaradır, sonra “hesabınızla bağlı təcili problem” olduğunu deyir, “kömək” təklif edir və sizdən məlumat istəyir. Etimad yaratmaq üçün o, internetdə tapdığı real məlumatlardan istifadə edə bilər. Qurban şübhələnməyə başlayanda isə onu “heç kimə deməməyə” inandırır və pul köçürüləndən sonra əlaqə itir.
Necə qorunmaq olar
Ən vacib müdafiə vasitəsi - məlumatlı olmaqdır. Mənbələri hər zaman yoxlayın, şübhəli keçidlərə daxil olmayın, şəxsi məlumatlarınızı heç kimlə bölüşməyin. Əgər sizdən pul köçürmək və ya kod paylaşmaq xahiş olunursa, bu, artıq xəbərdarlıq siqnalıdır.
Binance yalnız rəsmi kanallar vasitəsilə əlaqə saxlamağı tövsiyə edir: şirkətin saytındakı dəstək xidməti, rəsmi X (Twitter) hesabı, yoxlanılmış Telegram qrupları, və korporativ e-poçt ünvanları.
Bugünkü şəraitdə, kiberfırıldaqçılar daha ixtiraçı olduqca, diqqətli və ayıq olmağınız sizin əsas təhlükəsizlik alətinizdir. Ayıq-sayıq olmaq, təkcə vəsaitlərinizi deyil, həm də rəqəmsal ekosistemə olan etimadınızı qorumaq deməkdir.