"Sona kimi danışıqlarımız davam etdi" - Qurbanovdan transfer açıqlaması

23:49 - 5 Sentyabr 2025 - İDMAN

"UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq böyük uğurdur".

Ucnoqta.az xəbər verir ki, bunu AzTV-yə açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

O bildirib ki, 8 ildən sonra yenidən Bakıda belə bir uğuru qeyd etmək xüsusi hissdir:

"Məncə, pley-off oyunlarına qədər irəliləmək özü böyük uğurdur. Oradan birbaşa Avropa Liqasının qrup mərhələsinə düşmək mümkündür. Bu il çox əziyyət çəkdik, amma hədəfimizi itirmədik və şükürlər olsun, yeni formatda keçirilən Çempionlar Liqasının qrupuna düşdük".

Baş məşqçi əlavə edib ki, transfer pəncərəsi müddətində bir neçə oyunçu komandaya cəlb olunub, bəzilərinin isə alınmaması klubdan asılı olmayıb.

O qeyd edib ki, iki əsas futbolçunun - bir hücumçu və bir sol vinger komandaya gətirilməsi planlaşdırılsa da, qarşı tərəfin müəyyən etdiyi şərtlər və danışıqlardakı çətinliklər səbəbindən transferlər həyata keçirilməyib. Üçüncü futbolçunun transferi də iki klub arasında yaranan çətinliklər üzündən alınmayıb.

"Amma hər bir halda sona kimi danışıqlarımız davam etdi və lazım olan addımları atdıq", - Q.Qurbanov bildirib.

Xəbər xətti