İsrailin İranın ballistik raket zərbələrindən müdafiəsi üçün lazım olan “Arrow” ələ keçirən raket ehtiyatları münaqişə dərinləşdikcə azalır və “yaxın gələcəkdə” tükənə bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) ABŞ Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
İsrail və ABŞ tərəfindən birgə istehsal edilən "Arrow" sistemləri ballistik raketləri ələ keçirməyin əsas vasitələrindən biridir; onların ehtiyatları tükənərsə, İsrailin İranın zərbələrini dəf etmək qabiliyyəti əhəmiyyətli dərəcədə zəifləyəcək.
Nəşrin yazdığına görə, İsrail Müdafiə Qüvvələrinin (IDF) rəhbərliyi İran tərəfdən atışmaların intensivliyini nəzərə alaraq bundan çox narahatdır.
Qəzet qeyd edir ki, ABŞ yaz aylarında İsrailə əlavə raket və hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə yardım edib. Bununla belə, döyüşlər uzanarsa, "Arrow" ehtiyatlarının tükənməsi qaçılmaz olacaq, çünki uzun müddət gündəlik olaraq ballistik raket zərbələrini dəf etmək mümkün deyil. Bu baxımdan İDF öz əməliyyatını sürətləndirməlidir. İsrail ordusunun mətbuat xidməti WSJ-yə bildirib ki, onlar hər hansı inkişafa hazırlaşırlar.