Narkotik vasitələrin istifadəsi ilkin mərhələdə gizli saxlanılsa da, zaman keçdikcə bəzi əlamətlərlə özünü büruzə verir. Bu əlamətlər arasında yuxusuzluq, əsəbilik, sürətli arıqlama və davranışda lənglik xüsusilə nəzərə çarpır. 01.05.2025 tarixinə olan məlumata əsasən, ölkə üzrə Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində qeydiyyatda olanların sayı 41 231 nəfər təşkil edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Fəzail Sadıqov nazirliyin rəsmi “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı məlumat verib.
Onun sözlərinə görə, qeydiyyatda olan şəxslərdən 1 042 nəfəri qadındır.
"Son zamanlar hüquq-mühafizə orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə, eləcə də xəstələrin könüllü şəkildə müalicəyə müraciət etməsi müsbət hal kimi qiymətləndirilməlidir", – deyə F.Sadıqov qeyd edib.
Direktor əlavə edib ki, narkotik vasitələrə qarşı psixoloji asılılıq ilkin mərhələdə, fiziki asılılıq isə adətən 2-3 həftəlik istifadədən sonra yaranır:
"Valideynlər övladlarını diqqətlə müşahidə etməlidirlər. Narkotik istifadəsi zamanı ünsiyyət problemləri dərhal nəzərə çarpır. Stres, əsəbilik, sosial təcrid, yuxusuzluq kimi ilkin simptomlara diqqət yetirilməlidir. Bəzi hallarda, istifadə olunan maddənin növündən asılı olaraq normadan artıq danışmaq, yersiz hərəkətlər, sayıqlama, hallüsinasiya və tez-tez qıcıqlanma halları müşahidə oluna bilər".
Fəzail Sadıqov sonda vurğulayıb ki, yeniyetmələrdə davranış pozuntuları daha tez və daha aydın şəkildə özünü büruzə verir.