Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Agentlikdən Ucnoqta.az-a verilən məlumata görə, bu çərçivədə Abşeron rayonunun Hökməli qəsəbəsində şəhid Elşən Müslümov və şəhid Zülfüqar Qubadovun adlarını daşıyan küçələrdə təmir-bərpa işləri həyata keçirilir.
Layihəyə uyğun olaraq, Elşən Müslümov küçəsinin ümumi uzunluğu 850 metr, Zülfüqar Qubadov küçəsinin uzunluğu isə 600 metr təşkil edir. Hər iki küçənin hərəkət hissəsinin orta eni 6 metrdir.
Hazırda sözügedən ərazilərdə yararsız torpaq laylarının qazılması və çıxarılması, əks-dolğu və kipləşdirmə işləri, yeni yol əsasının hazırlanması və küçələrin profilə salınması prosesi həyata keçirilir. Aparılan işlər layihə-qrafikə uyğun şəkildə davam etdirilir və ilkin mərhələnin tamamlanması ərəfəsindədir.
Növbəti mərhələdə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq asfalt-beton örtüyünün döşənməsi, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə səviyyəsinə uyğunlaşdırılması və onların yenilənməsi nəzərdə tutulur.
Layihənin başa çatdırılması ilə, qeyd olunan küçələr müasir standartlara uyğun şəkildə yenidən qurularaq əhalinin istifadəsinə veriləcək.
Qeyd edək ki, 2025-ci il üzrə “İnvestisiya Proqramı” çərçivəsində Hökməli qəsəbəsində yerləşən, uzunluğu 400 metr olan Yusif Qarayev küçəsində də analoji təmir-bərpa işlərinin aparılması planlaşdırılır.