Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili Beyləqan və İmişli rayonlarının təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.
Ucnoqta.az xəbər verir ki, İmişli şəhəri Aslan Eminov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən görüşdə idarənin müvafiq struktur bölmə rəhbərləri, Beyləqan və İmişli rayon təhsil sektorlarının müdirləri, əməkdaşları iştirak ediblər.
Görüşdə Bəhruz Nəbili XI sinif buraxılış imtahanlarının nəticələrini təhlil edib və bu təhlillərə görə məktəblərin reytinqini iştirakçıların nəzərinə çatdıraraq gələcəkdə bu istiqamətdə təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən danışıb. Qarşıdakı dövr üçün nəzərdə tutulan məsələlərə nəzarətin artırılması, daxili kommunikasiyanın gücləndirilməsinin vacibliyi, tədrisin təşkilində məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin əhəmiyyəti barədə danışaraq, müvafiq tövsiyələr verib.
Ümumi təhsil müəssisələrində tədrisin mövcud vəziyyəti, şagird nailiyyətlərinin qiymətləndirilməsi, tədrisin keyfiyyətinin daha da artırılması və təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Sonra tədbirdə çıxış edənlər elektron əmək müqavilələrinin tərtibatı zamanı yol verilən nöqsanlar, Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemində (UTİS) görülməsi vacib və gələcəkdə icrası nəzərdə tutulan işlər, müəllim və şagirdlərin üzərinə düşən vəzifələrlə bağlı bəzi məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Sonda məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təklif və tövsiyələr qeydə alınıb.