Elnur Rüstəmov: “Özünə inamı aşağı olan insanlarda qısqanclıq halları çoxdur”
Tez-tez mətbuatda kişinin qısqanclıq zəminində həyat yoldaşını, sevgilisini, yaxud nişanlısını döyməsi və hətta öldürməsi ilə bağlı xəbərlər yayılır. Bu cür hadisələrdə çox vaxt səbəb kimi qısqançılıq göstərilir. Bu barədə psixoloqlar nə deyir. Biz də bu mövzu ilə bağlı psixoloq Elnur Rüstəmovla söhbətləşdik. O, “Üç nöqtə”yə bildirdi ki, ailədaxili konflitklərin, boşanmaların baş verməsində bu gün sosial şəbəkələrin rolu böyükdür: “Son zamanlar mətbuatdan oxuduqlarımızdan məlum olur ki, bəzi ölüm hadisələrinin səbəbi kişinin qeyri-rəsmi nigahda yaşadığı xanımla mübahisələrinin pisləşməsidir. Ümumiyyətlə, ailə daxili konfliktlər bu gün həddindən artıq çoxdur. Buna təsir göstərən səbəblər insanlarda psixoloji gərginliyin, stressin, depressiyanın və s. kimi halların çox olmasıdır. Və bunun da səbəblərindən ən böyüyü məhz, informasiyadır. Bu gün ailədaxili konfliktlərin və boşanmaların səbəblərinə baxdıqda, bunların əksəriyyətində sosial şəbəbəkələrin böyük rol oynadığını görmək mümkündür. Bax bunlar da diqqətə alınmalıdır. Sorğu keçirsəniz görəcəksiz ki, məhz mobil telefonlar, sosial şəbəkələr səbəbindən ailələr ifrat informasiya ilə yüklənir. Ailələrə müdaxilələr olur, tərəflər arasında münaqişələr yaranır. Bu kimi hallar ailədaxili konfliktlərə və sonda boşanmalara və hətta, cinayət hadisələrinə qədər gətirib çıxarır”.
Psixoloq deyir ki, hər bir insan konflikt situasiyaya adekvat cavab vermək iqtidarında olmur: “Misal üçün insan var ki, əsəblərini cilovlaya bilmir. Buna emosional davamsız şəxsiyyət tipi deyirlər. Yəni, həmin anda özündən çıxa bilir, kiməsə, yaxud özünə xəsarət yetirir. Bu artıq psixoloji pozuntu kimi dəyərləndirilir, onlara psixoloji dəstək lazımdır. Çox az təsadüf olunan bir haldır ki, birdən-birə ailədə konflikt yaransın və bundan sonra cinayət hadisəsi baş versin. Həmin ailələrdə problemlər həmişə olur. Onlar bu problemi vaxtında həll etmədiklərinə görə sonunda arzu olunmayan hadisələr baş verir. Yəni, tərəflər arasında münasibətlərdə problem zaman-zaman olur. Və nəticədə kuliminasiya nöqtəsi bu cür hallarla sona çatır. Ona görə də, ailədə problem olduğu təqdirdə, mütləq şəkildə psixoloji dəstək alınmalıdır. Narahatçılıq varsa, onun həlli istiqamətində addım atılmalıdır. Bu olmadıqda isə, biri dünyasını dəyişir, o biri isə illərlə həbxsxana həyatı yaşayır. Bəzən də uşaqlar ortalıqda qalırlar. Ailədaxili konflikt və şiddətdən ən çox əziyyət çəkənlər məhz, o ailədə yaşayan uşaqlar və yaxınlar olur”.
E.Rüstəmov qeyd etdi ki, qısqanclıq instinktiv bir şeydir: “Bu insanda olduğu kimi digər canlılarda da var. Heyvanlar aləmində biz belə şeylərlə qarşılaşırıq. Sadəcə, burda söhbət aşırı, yəni potoloji qısqanclıqdan gedir. Bu bir psixoloji pozuntu kimi dəyərləndirilir. Bunun da səbəbləri genetik faktor ola bilər. Misal üçün, görürük ki, atası, əmisi yaxud dayısı qısqanc olub, bunda da qısqanclıq var. Xanımını hər kəsə, hətta öz qardaşına belə qısqanır. Yaxud, xanım həyat yoldaşını özünün doğma bacısına belə qısqanır. Bununla yanaşı, psixoloji faktorlar da var. Həyatının hansısa dönəmində bu adam psixoloji travma alır. Psixoloji konsultasiya prosesi müddətində görürük ki, oğlan yaxud xanım deyir ki, vaxtilə atam da anama xəyanat edib, yaxud əksinə. Belə olan halda oğlanlar xanımlara, xanımlar da oğlanlara güvənmir. Yaxuda da, qısqançılıq başqa travmatik səbələrdən də yarana bilər. Yəni, səbəbsiz yerə qısqanclıq olmur. Bundan dolayı o öz həyatındakı ailə münasibətinə də bu cür şeyləri yansıdır”.
E.Rüstəmov qeyd elədi ki, qısqanclığın hansısa formada inamsızlıqla da əlaqəsi var: “Özünə inamı aşağı olan insanlarda qısqanclıq halları çoxdur. Həmin adam fikirləşir ki, qarşı tərəf ona qarşı bu cür hərəkətlər edə bilər”.
Psixoloqun sözlərinə görə, bu hissi aradan qaldırmaq mümkündür: “Bu problemdən əziyyət çəkən insan, bununla mübarizə aparır. Sadacə, əgər onu aradan qaldırmaq çətindirsə, bunun öhdəsindən özü gələ bilmirsə, o zaman mütləq psixoloji dəstək almalıdır. Çünki, bu cür insanlar zaman-zaman çalışırlar ki, bununla bacarsınlar. Amma, bəzən də bacara bilmirlər”.
Könül Əhmədova