Hindistan Çini qabaqlayaraq dünyanın ən böyük düyü istehsalçısına çevrilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə "The Economic Times" qəzeti Hindistanın kənd təsərrüfatı naziri Şivraj Sinq Çouhanın açıqlamasına istinadən məlumat yayıb.
2025-2026-cı illərdə Hindistanın düyü istehsalı rekord həddə - 154,02 milyon tona çatıb ki, bu da əvvəlki ildəki 150,18 milyon tondan çoxdur. Çinin düyü istehsalı 145,28 milyon ton olub.
On il əvvəl Hindistan 104,4 milyon ton, Çin isə 148,5 milyon ton istehsal edib. Bu fərq Hindistanda istehsalın sabit artması və Çində yavaşlama səbəbindən azalıb.
Hindistan hazırda qlobal düyü istehsalının təxminən 28%-ni təşkil edir. 2024-2025-ci illərdə respublika 5,9 milyard dollar dəyərində 6 milyon ton basmati düyüsü və 6,5 milyard dollar dəyərində 14,13 milyon ton digər düyü növləri ixrac edib.