"BMT daha effektiv və inklüziv olmalıdır" - Ceyhun Bayramov

23:40 - 26 May 2026 - SİYASƏT

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT-nin qərargah binasında BMT Təhlükəsizlik Şurasında keçirilən “BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin qorunması və BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi” mövzusunda açıq debat zamanı çıxış edib.

Ucnoqta.az-ın ABŞ bürosu xəbər verir ki, nazir çıxışına Çin Xalq Respublikasının sədrliyini belə mühüm müzakirəni təşkil etdiyinə görə təşəkkür edib. O bildirib ki, qloballaşmanın sürətlə artdığı, beynəlxalq hüquqdan yayınma hallarının çoxaldığı və münaqişələrin qarşısının alınması ilə həlli mexanizmlərinin yetərsiz qaldığı bir dövrdə BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi xüsusilə aktualdır:

“Dünya sərhəd tanımayan risk və çağırışlarla mübarizə üçün daha çox əməkdaşlığa ehtiyac duyduğu halda, beynəlxalq münasibətlərdə parçalanma və birtərəfli yanaşmaların artdığını müşahidə edirik”.

C.Bayramov qeyd edib ki, BMT bütün üzv dövlətlərin ölçüsündən və gücündən asılı olmayaraq bərabər söz haqqına malik olduğu yeganə universal təşkilat olaraq qalır. Onun sözlərinə görə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, eləcə də daxili işlərə qarışmamaq prinsipi beynəlxalq sülh və təhlükəsizliyin əsasını təşkil edir.

Nazir beynəlxalq hüquq pozuntularına görə cəzasızlığın aradan qaldırılması və ədalətin təmin olunmasının vacibliyini də diqqətə çatdırıb:
“Suverenliyə və ərazi bütövlüyünə universal və qeyd-şərtsiz hörmət beynəlxalq sülh və təhlükəsizliyin təməl prinsipidir”.

Çıxışında Azərbaycanın da BMT Nizamnaməsinin pozulmasının ağır nəticələrini yaşadığını xatırladan nazir bildirib ki, ölkə hazırda regional sabitliyə töhfə verən və sülh gündəliyini praktik addımlarla dəstəkləyən dövlətlərdən biridir.

O əlavə edib ki, Azərbaycan BMT-ni mərkəzə alan yenilənmiş və islahatlaşdırılmış çoxtərəfli sistemin tərəfdarı olaraq qalır. Nazir BMT Təhlükəsizlik Şurasında islahatların vacibliyini vurğulayaraq, inkişaf etməkdə olan ölkələrin daha geniş təmsilçiliyinin təmin edilməsinin zəruri olduğunu bildirib: “Daha effektiv, inklüziv və çevik BMT sisteminə təcili ehtiyac var”

C.Bayramov Azərbaycanın son illərdə çoxtərəfliliyin inkişafına mühüm töhfələr verdiyini də diqqətə çatdırıb. O, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini, COP29 və Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyini, həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə hazırkı sədrliyini xüsusi qeyd edib.

Nazir çıxışının sonunda BMT Nizamnaməsinin birlik və əməkdaşlıq yolu ilə davamlı sülh, ədalət və hüququn aliliyinin təmin olunması prinsipinə əsaslandığını bildirib:
“Yalnız birgə səylərlə gələcək nəsillər üçün daha inklüziv və effektiv beynəlxalq sistem qurmaq mümkündür”.

Vüsalə Abbasova


Xəbər xətti