Xəzərdə suitilərin kütləvi ölümü: Əsas səbəblər açıqlandı

16:18 - 27 Aprel 2026 - Xəbər

Son aylarda Xəzər dənizi ətrafındakı ölkələrin sahillərində suitilərin kütləvi şəkildə ölməsi halları diqqət çəkir. Belə hadisələr əsasən Qazaxıstan və Rusiyada müşahidə olunsa da, artıq Azərbaycanın sahillərində də qeydə alınmağa başlayıb.

Ucnoqta.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Dövlət Universitetinin Zoologiya və fiziologiya kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Tağıyev açıqlama verib.

Alimin sözlərinə görə, suitilərin tələf olmasının bir neçə əsas səbəbi var. Bunlardan biri müxtəlif virus infeksiyalarıdır. Xəstəliklər heyvanların immun sistemini zəiflədir və onların ölüm riskini artırır.

Digər mühüm səbəb Xəzərdə aparılan neft və qaz hasilatıdır. Bu proses zamanı yaranan tullantılar, eləcə də ağır metallar uzun müddət suitilərin orqanizmində toplanaraq daxili orqanlara zərər verir. Nəticədə onların sağlamlığı zəifləyir.

Mütəxəssis bildirib ki, qida çatışmazlığı da ciddi amillərdəndir. Suitilərin əsas qida mənbəyi olan kilkələrin sayının azalması onların kifayət qədər qidalanmasına mane olur.

Bundan əlavə, suitilərin balıqçı torlarına düşməsi, həmçinin dənizin dibindən qaz çıxarılması zamanı yaranan zəhərli maddələrin təsiri də kütləvi ölüm hallarına səbəb ola bilər.

Xəbər xətti