Ukrayna ordusu Qara dənizdə Rusiyanın əsas neft ixrac məntəqəsi olan Novorossiysk limanına pilotsuz təyyarə hücumu həyata keçirib.
Ucnoqta.az xəbər verir ki, hücum nəticəsində ölkənin neft ixracında kritik rol oynayan əsas terminalı sıradan çıxarılıb.
Ötən həftə Rusiyanın Baltik dənizi sahilindəki Primorsk və Ust-Luqa neft yükləmə terminalları Ukrayna dronları tərəfindən hədəfə alınıb və əvvəlki gecə Rusiyanın Qara dəniz sahilindəki ən vacib neft ixrac məntəqəsi olan Novorossiysk limanına hücum edilib.
Sosial şəbəkələrdə yayılan videolarda alovların səmaya çatdığı görünür. Yerli hakimiyyət orqanları isə terminalın özü haqqında heç bir məlumat vermədən ərazidəki bir neçə binaya zərbə endirildiyini açıqlayıblar.
Ukrayna dronları tərəfindən vurulan və müvəqqəti olaraq sıradan çıxarılan "Şeşaris" neft terminalının gündəlik yükləmə gücü 4 milyon ton idi və Rusiyanın ümumi neft ixracatının 20%-ni təşkil edirdi.
Keçən həftə Baltik sahilindəki terminalların sıradan çıxarılması ilə Rusiyanın neft ixracı ümumilikdə 43% azalıb. Hücumlardan əvvəl Rusiya həftəlik olaraq dünya bazarlarına neftlə yüklənmiş 37 supertanker göndərirdi. İndi isə yalnız 22 ədəd yükləyə bilir.