Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) Çempionlar Liqasının 1/8 final mərhələsinin "Real Madrid" və "Benfika" arasında keçirilən oyunundan sonra intizam icraatı açacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Madrid Universal məlumat yayıb.
"Benfika" və "Real Madrid" arasındakı oyun 18 fevralda Portuqaliyada baş tutub və qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Braziliyalı hücumçu Vinisius yeganə qolu vurub. Qol vurduqdan sonra künc bayrağına tərəf qaçıb "Benfika" azarkeşlərinə qarşı təxribatçı jestlər edib.
Daha sonra oyunçu meydanı tərk edərək hakimə irqçilik barədə məlumat verib. Oyun 10 dəqiqə dayandırılıb. Vinisius daha sonra Portuqaliya komandasının argentinalı yarımmüdafiəçisi Canluka Prestiannini irqçi davranışda ittiham edib.
Mənbənin məlumatına görə, UEFA hadisə ilə bağlı bütün şəxsləri sorğu-sual etmək niyyətindədir. İrqçilik sübutu yoxdursa, heç bir sanksiya tətbiq olunmayacaq.
"Real Madrid" və "Benfika" cavab matçını 25 fevralda Madriddə keçirəcəklər.