Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib. İclasda "MTV" kanalının efirində baş vermiş pozuntu halı müzakirə olunub.
Bu barədə Ucnoqta.az-a Audiovizual Şuradan məlumat verilib.
"MTV" kanalının efirində 28.11.2025 tarixdə, saat 10:04-11:54 arası yayımlanan "Xoş sabah" proqramında ailə həyatının görünən və görünməyən tərəfləri, qadın-kişi münasibətlərindəki çətinliklər, müasir ailələrə təsir edən sosial basqılar, rolların dəyişməsi mövzuları müzakirə edilib: "Proqramda iştirak edən qonaqlardan biri "İnsanlar düşünürlər ki boşanma ay pisdir, xaosdur. İnkişaf deməkdir. Nə mənada? Qadınların hüquqları artmağa başladıqca özünü ifadə etmək, inkişaf başladı. Yəni mən də insanam. Mən də sənin qədər, sənin duyduğun qədər, sənin kimi mənim də ehtiyaclarım var. Ortaya çıxmağa başladı. Qadın hüquqları artıqca, boşananların sayı artmağa başladı. Bu da inkişafı göstərir, əslində cəmiyyətdə. Sivilizasiya inkişaf etməyə başlayıb və bütün sivilizasiyalar məhz xaos üzərindən olur. Boşanma pis bir şey deyil. Boşanma o deməkdir ki, insanlar artıq fərqindədir ki, əvvəllər dözərək yaşayırdılar, şiddətə dözürdülər, susurdular hər bir şeyə. Bügün o söhbət yoxdur artıq. Bügün artıq insanlar necə deyərlər, partnyorluğa önəm verirlər, birlikdə yaşamağa." ifadələrini işlətməklə öz mövqeyini ifadə etmişdir. Digər bir qonaq isə, buna cavab olaraq "Bu inkişaf deyil, əxlasızlıqdır" ifadəsindən istifadə etmişdir. Boşanmanın inkişaf kimi təqdim edilməsi və ya tam əksinə olaraq bunun əxlaqsızlıq adlandırılması, ümumən isə, redaksiya nümayəndəsinin (bu halda, aparıcının) belə fikirlərə zəruri müdaxilə etməməsi Audiovizual Şuranın monitorinq mütəxəssisləri tərəfindən qanunvericilik pozuntusu kimi qeydə alınmış, zəruri prosedurlara uyğun olaraq araşdırma aparılmış, hüquqşünaslar tərəfindən pozuntu faktı təsbit olunmuşdur".
İclas zamanı Audiovizual Şura üzvləri məsələni ətraflı müzakirə etmişlər. Qeyd olunmuşdur ki, boşanma haqqında danışmaq, müzakirələr keçirmək olar, amma boşanmanın "inkişaf" kimi təqdim olunması, digər tərəfdən, boşanmanın əxlaqsızlıqla eyniləşdirilməsi qəbuledilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində açıq bəyan edilir ki, ailə cəmiyyətin əsas özəyidir və dövlətin himayəsindədir. Azərbaycan Respublikasının Ailə Məcəlləsində boşanma hüququ tanınır, amma boşanma müsbət sosial dəyər kimi təqdim edilmir və ailənin qorunması prioritet hesab olunur. Audiovizual Şuranın üzvləri tərəfindən "boşanmaq inkişafdır" ifadəsi Ailə Məcəlləsinin, habelə "Media haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunların bir sıra müddəalarının məqsəd və ruhuna zidd mesaj kimi qiymətləndirilmiş, qeyd olunan yayımla bağlı "MTV" kanalına ciddi xəbərdarlıq olunmuşdur.
Audiovizual Şura bir daha bütün yayımçıları qanunvericiliyin tələblərinə ciddi əməl etməyə, redaksiya nəzarətini gücləndirməyə, yayım zamanı ictimai dəyərlərə hörmət etməyə, həssas mövzularda, xüsusilə ailə, uşaq, nikah mövzularında diqqətli olmağa çağırır.