Sabirabadda Zəfər günü qeyd edilib - FOTO

21:16 - 7 Noyabr 2025 - ÖLKƏ İÇİ

Mil-Muğan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 8 Noyabr - “Zəfər Günü”nün 5-ci ildönümü münasibətilə bayram tədbiri keçirilib. 

Ucnoqta.az xəbər verir ki, Sabirabad rayonu Əli Qurbanov adına Qalağayın kənd tam orta ümumtəhsil məktəbində keçirilən bayram tədbirində Mil-Muğan RTİ-nin müdiri Bəhruz Nəbili, müdir müavini Rabil Şahbazov, Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, idarənin əməkdaşları, şəhid ailələrinin üzvləri, rayon təhsil sektorlarının rəhbərləri, məktəb direktorları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bayram tədbirindən əvvəl məktəbin foyesində 44 günlük Vətən müharibəsinə həsr olunmuş şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə şagirdlərin Vətənə olan sevgisini, qəhrəmanlarımızın şücaətini əks etdirən rəsmlər, kompozisiyalar və müxtəlif əl işləri nümayiş olunub. Qonaqlar sərgidə təqdim olunan işlərlə tanış olaraq məktəblilərin yaradıcılıq bacarığını yüksək qiymətləndiriblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən natiqlər tarixi Zəfər günündən, Azərbaycan Ordusunun qəhrəmanlığından və Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış möhtəşəm uğurlardan söz açıblar. Bildirilib ki, 44 günlük Vətən müharibəsində əldə olunan qələbə Azərbaycan xalqının birliyinin, iradəsinin və milli ruhunun parlaq təcəssümüdür. Qələbənin Azərbaycan tarixinin ən şanlı səhifəsi olaraq gələcək nəsillərin xatirəsində əbədi yaşayacağını bildiriblər. Azərbaycanın üçrəngli bayrağının azad edilmiş ərazilərimizdə ucaldılaraq qürurla dalğalandığını deyərək, xalqımızın doğma Qarabağımızın azadlığı uğrunda aparılmış, hər günü böyük bir qəhrəmanlıq dastanı olan Vətən müharibəsində Böyük Qələbənin beşinci ildönümünü müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd edildiyini bildiriblər. 

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun Qarabağdakı separatçı rejimə və qeyri-qanuni erməni silahlı qüvvələrinə qarşı apardığı 24 saata yaxın lokal xarakterli antiterror əməliyyatının növbəti dəfə Azərbaycan dövlətinin möhtəşəm Zəfəri ilə nəticələndiyini qeyd ediblər. 

Şəhid ailələrinin üzvləri bu cür tədbirlərin keçirilməsini onların övladlarının xatirəsinə olan dərin hörmətin göstəricisi kimi dəyərləndiriblər və diqqətə görə minnətdarlıqlarını bildiriblər. Zəfər tarixi gələcək nəsillər üçün mühüm örnəkdir və məktəblilərdə vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində bu kimi tədbirlərin davam etdirilməsini qeyd ediblər.

Sonra şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, səhnəciklər təqdim olunub və müxtəlif musiqi nömrələri ifa edilib. Tədbirin bədii hissəsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.


Xəbər xətti