"Vergi Məcəlləsinə edilən dəyişikliklər içərsində ən çox diqqəti çəkən məqamlardan biri də gələn ildən fiziki şəxslərin gəlir vergisi üzrə güzəşt müddətinin başa çatmasıdır. Təklif edilən layihəyə əsasən, 2500 manatadək əməkhaqqı 3.0 faiz gəlir vergisinə cəlb ediləcək. Mərhələli şəkildə vergi dərəcələrinin tətbiq edilməsi müsbət haldır".
Ucnoqta.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, qeyri-dövlət və qeyri-neft sektorunda aşağı vergi dərəcələrinin tətbiq olunmasına baxmayaraq, dövlət sektorunda fiziki şəxslərin gəlir vergisi yüksək olaraq qalmaqdadır. "Bu isə bir sıra sektorlarda rəqabətə neqativ sektor göstərir. Məsələn, dövlət sektorunda fəaliyyət göstərən bəzi səhiyyə müəssisələri əksər hallarda ixtisaslı kadrları cəlb etməkdə özəl sektora uduzurlar. Bu da birbaşa dövlət sektorunda daha yüksək vergilərin tətbiqi ilə bağlıdır.
Dövlət sektorunda tətbiq edilən proqressiv şkala artıq uzun illərdir ki dəyişdirilmir. 14 faizi ilə vergiyə cəlb edilən məbləğ 2500 manatdır. Halbuki, bu məbləğ müəyyənləşəndən sonra ölkəmizdə həm əməkhaqqı fondu, həm də iqtisadiyyatımız bir neçə dəfə böyüyüb. Ona görə, təklif edərdim ki, dövlət sektorunda 14 faizlik vergiyə cəlb edilən məbləğ 2500 manatdan 4000 manatadək artırılsın", - o qeyd edib.
Deputat əlavə edib ki, digər mühüm məqam minimum əməkhaqqının vergiyə cəlb edilməsidir: "Dövlət sektorunda minimum əməkhaqqı alanlar vətəndaşlarımız üçün 200 manatlıq azadolma nəzərdə tutulsa da özəl sektorda ümumiyyətlə hər hansı azadolma təklif olunmur. Halbuki, əksər dövlətlərdə minimum əmək haqqı gəlir vergisindən azaddır Ona görə təklif edərdim ki, həm dövlət, həm özəl sektorda minimum əməkhaqqı alan vətəndaşlarımızın maaşları vergidən azad olunsun. Hər iki sektorda vergidən azad olunan məbləğ 400 manat müəyyənləşdirilsin. Bu minimum əmək haqqı alan vətəndaşlarımızın sosial müdafiəsi baxımından vacibdir. Həmin vətəndaşlarımızın maaşları yüksək olmadığı üçün əməkhaqqlarının vergiyə cəlb olunması arzuolunan deyil. Bu baxımdan, həm dövlət, həm özəl sektorda minimum əməkhaqqı alan vətəndaşlarımızın maaşlarının vergidən azad olunmasını təklif edirəm".
O əlavə edib ki, fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində verginin 14 faizdən 10 faizə endirilməsi müsbət haldır: "Bununla belə, kirayə müqavilələrin rəsmilləşdirilməsinə vergiqoymanın ciddi təsir etməsi üçün vergi dərəcələrinin daha çox endirilməsinə ehtiyac var. Moskva şəhərində fiziki şəxslərin kirayədən əldə etdiyi gəlirdən cəmi 4 faiz vergi ödəyirlər. Hüququ şəxslər üçün vergi dərəcəsi 6 faizdir. Əgər 14 milyon sakini olan Moskva şəhərində vergi dərəcəsi 4 faizdirsə, Bakıda 10 faizlik dərəcə kifayət qədər yüksək hesab edilə bilər. Bu baxımdan verginin 5 faizə endirilməsini təklif edirəm.
Digər tərəfindən, vergi siyasətindəki dəyişikliklər vergi ödəyicilərinin davranışına təsir etməlidir. Bunun üçün yalnız kəmiyyət deyil, eyni zamanda keyfiyyət meyarlarından istifadə edilməklə dəyişikliklər həyata keçirilməlidir. Davranışın dəyişməsi vergi ödəmə mədəniyyətinin güclənməsinə, istehlakın artmasına və real sektorun daha yaxından dəstəklənməsinə səbəb ola bilər".