Azərbaycanda nazir məhkəməyə verildi

19:42 - 25 İyun 2025 - Xəbər

Səhiyyə naziri Teymur Musayev məhkəməyə verilib. Vətəndaş ondan şikayətçidir. Nazirdən Milli Məclisdəki yalan açıqlamasına görə təkzib verməsi tələb olunur.

Ucnoqta.az "Teleqraf"a istinadən xəbər verir ki, bir neçə ay əvvəl liposaksiya-piysovurma əməliyyatı etdirdikdən sonra dünyasını dəyişən Səbirə Vəliyevanın anası Sara Məmməd qızı Qurbanova məhkəməyə müraciət edib.

Sara Qurbanova səhiyyə naziri Teymur Musayevin xüsusi ittiham qaydasında cəzalandırılmasını istəyib. Buna səbəb nazirin Milli Məclisdəki çıxışı olub.

Belə ki, Səbirə Vəliyevanın əməliyyatdan sonra dünyasını dəyişməsi məsələsi Milli Məclisdə də müzakirə mövzusu olmuşdu. Deputat Səyyad Aran çıxışında bildirmişdi ki, Sara Qurbanova qızının ölümü ilə bağlı ona müraciət edib. Səyyad Aran qeyd etmişdi ki, mərhumun ailəsi həmin həkimin fərqli soyadla fəaliyyət göstərdiyini deyir.

Deputat, həmçinin bu sahədə nəzarətsizliyin olduğunu deyərək səhiyyə nazirinə müraciət etmişdi.

Teymur Musayev Milli Məclisdə deputat Səyyad Arana cavab verərkən demişdi ki, həmin şəxs Sara Qurbanovanın qızını mətbəxdə əməliyyat edib.

Nazir əməliyyatı edən Ülviyyə İlyasovanın (Qurbanovanın) həkim olmadığını, buna görə də Səhiyyə Nazirliyinin heç bir məsuliyyət daşımadığını bildirmişdi.

Teymur Musayevin bu açıqlaması cəmiyyətdə geniş müzakirələrə səbəb olmuşdu.

Lakin Səbirə Vəliyevanın ölümü ilə bağlı açılan cinayət işinin araşdırması zamanı səhiyyə nazirinin "əməliyyat evin mətbəxində olub" fikirləri yalan çıxıb.

Belə ki, cinayət işi materiallarında da qeyd edilir ki, əməliyyat "AzE Estetik Mərkəz" MMC-də baş tutub. Həmin klinika lisenziyasız fəaliyyət göstərdiyi üçün Baş Prokurorluq tərəfindən aparılan yoxlama zamanı da cərimələnib. Məhkəmə hökmündə də əməliyyatın klinikada baş tutduğu göstərilir.

Bundan sonra mərhumun anası Sara Qurbanova xüsusi ittiham qaydasında Yasamal Rayon Məhkəməsinə üz tutub. Sara Qurbanova nazirin Milli Məclisdəki çıxışını böhtan və təhqir kimi qiymətləndirib.

Buna görə də Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə məhkəməyə müraciət edən Sara Qurbanova nazirin qeyd edilən maddələrlə cəzalandırılmasını, həmçinin bu fikirləri ilə bağlı Milli Məclisdə təkzib verməsini tələb edib.

Şikayəti hakim Mirsadiq Seyidov araşdıracaq.

Qeyd edək ki, Ülviyyə İlyasova keçmiş eltisi Səbirə Vəliyevanın ölümünə səbəb olduğu üçün məhkəmənin hökmü ilə 3 il 2 ay müddətə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xəbər xətti