Paris Yay Olimpiya Oyunlarının qalibi, cüdoçu Hudayət Heydərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında uğursuzluğa düçar olub.
Ucnoqta.az referans-a istinadən xəbər verir ki, 27 yaşlı idmançı yarışda keçirdiyi elə ilk görüşdəcə məğlubiyyət acısı dadıb.
O, 1/16 finalda Portuqaliyanı təmsil edən Otari Kvantidzeyə uduzub.
Ən təəccüblüsü odur ki, Hidayət 73 kq çəki dərəcəsində reytinq cədvəlinə başçılıq etdiyi halda, onun heç bir ciddi uğuru olmayan 22 yaşlı rəqibi 49-cu sırada qərarlaşıb.
Özü də Heydərov bu çəkidə son dünya çempionu idi.
Bu, cüdoçumuzun ötən ilin avqustundan bəri ilk rəsmi yarışı idi. Hidayət zədə səbəbindən apreldə keçirilən Avropa çempionatını buraxmışdı.
Beləliklə, Azərbaycan cüdoçularının dünya çempionatında fiaskosu davam edir. Mübarizə əliboş başa vuran təmsilçilərimizin sayı 6-ya çatıb.
Bundan öncə Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Əhməd Yusifov (60 kq) və Ruslan Paşayev (66 kq) fəxri kürsü üzünə həsrət qalıblar.
Bu gün Rəşid Məmmədəliyev (73 kq) və Fidan Əlizadə (57 kq) də qüvvəsini sınayır.
Dünya çempionatına ümumilikdə 13 cüdoçumuz (9 kişi, 4 qadın) qatılıb.