Eyyub Hüseynov: “Yeni Zellandiyadan Azərbaycana gətirilən kərə yağı tamamilə standartlara uyğundur”
Tural Babayev: “Bizim kərə yağlarımızı təbiiliyinə heç bir şübhə yoxdur, istənilən yerdə götürüb analiz edə bilər”
Bu gün mağazalarda müxtəlif növ bitki və kərə yağları alıcılara təqdim olunur. Bu yağların qiymətləri isə müxtəlif olur. İnsanlar da öz büdcəsinə uyğun, münasib qiymətə olan kərə yağlarını alırlar. Kərə yağı almaq istəyənlər daha Fransa, Yeni Zenlandiya və Rusiya istehsalı olan kərə yağları arasında seçim etməli olurlar. Çünki bazarda Azərbaycanın öz istehsalı olan kərə yağları azdır. Bəzi kərə yağlarını isə elə qiymətə qoyurlar ki, lap mayasından da ucuz olur. Amma bu cür yağlara həqiqətən də kərə yağı demək olarmı? Ticarət mərkəzlərində kütləvi şəkildə kərə yağı adı ilə kərə yağı əvəzedicilərindən istifadə edilir, süni yağlar hazırlanır və insanlar aldadılır. Kərə yağı istehsalı ilə məşğul olan bəzi şirkətlərin məhsullarının keyfiyyəti ilə bağlı da ciddi şübhələr var. Bəs əsil kərə yağını necə tanımalı?
Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, kərə yağı ilə bağlı gün ərzində Azad İstehlakçılar Birliyinə 10-12 zəng – şikayət daxil olur: “İstehlakçıların ilk verdiyi sual isə o olur ki, rayonlardan gətirilən kərə yağlarına necə inanmaq olar? Harada ekspertiza etdirmək olar? Nə üçün rayonlardan gətirilən təmiz kərə yağlarının qiyməti aşağı, mağazalarda satılanlarınkı isə yuxarıdır? Kərə yağı ümumiyyətlə, cəmiyyətin illər boyu problemli bir məsələsi olubdur. Ona görə də, mənim iki il öncə kərə yağının sorağı ilə gedib Zellandiyaya çıxmağım təsadüfi deyil. Zellandiyadan Azərbaycana bir çox yağlar gətirilir və eyni zamanda dünyanın bir çox ölkələrinə ixrac olunur. Ordan Azərbaycana kərə yağı göndərilən zavoda getdim. Həmin zavodda azərbaycan dilində olan etiketlərə - kərə yağının hansı formada necə kəsilib, büküldüyünə baxdım. Hansı fermer təsərrüfatından süd alınırsa, həmin yerə getdim, tam monitorinq apardım. Və məlum oldu ki, Yeni Zellandiyadan Azərbaycana gətirilən kərə yağı tamamilə standartlara uyğun kərə yağıdır. Lakin bununla belə yağ bazarı o qədər çirklənib ki, burada istehlakçıların böyük çaşdırılması halları baş verir. Spred, yəni qarışıq yağlar, kərə yağı adı altında satılır, üzərinə də inək şəkli çəkilir. Uzun müddət biz “Fazil” firması ilə mübarizə aparmışıq. Həmin firma spred yəni, marqarin və heyvanların iç yağlarını qarışdırıb kərə yağı adı altında insanlara satır. Çox güman ki, bu hal indi də davam edir”.
E.Hüseynovun sözlərinə görə, rayonlardan gələn kərə yağlarındakı problem isə ondan ibarətdir ki, əksər hallarda nehrələrə heyvanların iç yağlarını, bitki yağlarını qarışdırıb atırlar. Və nehrə yağı qarışıq bir yağ alınır: “Belə yağlar ağ camış və sarı inək yağı kimi görünsə də, əslində təmiz kərə yağları deyillər. Heyvanların iç yağları qarışdırılan hallarda onlar pis qoxuları ilə özlərini büruzə verir. Yaxud da əridən zaman təmiz kərə yağlarından gec əriyir, ərimə temperaturları daha yuxarı olur. Əhali də aldanır, elə bilir ki, həqiqətən kərə yağıdır. Bu sahədə ciddi nöqsanlar var. Marketlərdə də eyni problemlər yaşanır. İstehlakçılar marketlərdəki əsil kərə yağları ilə qarışıq kərə yağını fərqləndirmək üçün primitiv üsullardan istifadə edə bilərlər. Bu üsullardan biri eyni temperaturda saxlanan yağ paketini, qutusunu sıxmaqdır. Eyni temperaturda olan yağları sıxanda hansı yağ bərkdirsə, o daha çox kərə yağıdır. Bundan başqa əsil kərə yağını kəsəndə parçalanıb tökülür, təmiz kəsilmir. Amma qarışıq yağlar səlis kəsilir, onda heç bir parçalanma olmur”.
AİB-in sədri əlavə etdi ki, kərə yağlarının ekspertizası çox asan bir məsələ deyil: “Əgər hansısa bir kərə yağına dövlət orqanları tərəfindən sertfikat verilibsə, digər bir dövlət və ekspertiza orqanları onu təkzib etməyə cəsarət etmir. Lakin bütün hallarda Azad İstehlakçılar Birliyinə konkret olaraq hansısa yağla bağlı istehlakçı müraciət etsə, biz onu inanılmış laboratoriyaya yönəldərik. Və müraciətlə daxil olduğu yağı həmin laboratoriyada ekspertizadan keçirərik. Bizə gələn sonuncu şikayət Orucov Nizami adlı şəxsə məxsusdur. O qeyd edir ki, “Baranovski” deyilən yağ satılır. Vətəndaş araşdırma aparıb və məlum olub ki, Ukraynada belə yağ istehsal olunmur. Lakin yağın üzərində Ukrayna istehsalı olduğu yazılıb. Hazırda Azad İstehlakçılar Birliyi bu yağın tədqiqatını aparır. Görək bu yağ harada və necə istehsal olunur? Şikayətçi həmin yağı idxal edən insanın adını və telefonunu da qeyd edib. Ümumiyyətlə, standartlara uyğun götürdükdə bazarda kərə yağları kimi satılan yağların təxminən 40 faizi təmiz kərə yağı deyil, qarışıqlardır”.
“Azərsun Holdinq”in Araşdırma və Təkmilləşdirilmə direktorluğunun yağ məhsulları üzrə baş mütəxəssisi Tural Babayev bildirdi ki, həqiqətən təmiz kərə yağı bütün dünyada təmiz süddən alınır: “Hazırda bazarda çoxlu nehrə yağı adı altında saxta kərə yağları satılır. Və bu dəhşətli dərəcədə yayılıb. Bizim təmiz kərə yağlarımız “Best Cow”, “Wellington” və “New land” markalarıdır. Bu kərə yağlarının hamısı natural yolla təmiz süddən alınıb. Vitaminlərlə zəngin, insana faydalılığı çox olan təbii məhsullardır. Bazarda hazırda kərə yağı adı altında spred yağlar satırlar. Belə ki, yağın içərisinə 10-15 faiz kərə yağı əlavə edir və marketlərdə kərə yağı adı altında satılır. Amma “Azərsun” olaraq kərə yağlarımızla yanaşı, spred yağlarımız da var. Biz məhsullarımızın üzərində bunu qeyd edirik ki, hansı yağ kərədir, hansı spreddir. Ona görə də bizim kərə yağlarımızı təbiiliyinə heç bir şübhə yoxdur, alıcı istənilən yerdə onu analiz etdirə bilər”.
Göründüyü kimi alıcı kərə yağı alarkən diqqətli olmalı və istehsalçıya önəm verməlidir.
Könül Əhmədova