Son günlər cəmiyyəti ən çox düşündürən, ailələrdən tutmuş təhsil müəssisələrinə qədər hər yerdə müzakirə edilən əsas mövzu “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna edilən son dəyişikliklərdir. Dövlətin bu addımı virtual mühitdə uşaq və yeniyetmələrin təhlükəsizliyini təmin etmək məqsədi daşısa da, qanunun yeniyetmə gəncləri əhatə edən hissəsi, onların bəzi sosial şəbəkələrdə yalnız valideyn razılığı ilə qeydiyyatdan keçə bilməsi müddəası ciddi polemikalara yol açıb. Bir tərəf bunu gənclərin azadlığına məhdudiyyət kimi görür, digər tərəf isə real təhlükələrin qarşısını alacaq ən doğru sipər hesab edir.
Məsələyə sadə dillə yanaşsaq, əsas məqsəd uşaqları zərərli informasiyadan qorumaqdır. Çünki informasiya hər zaman faydalı olmur. Bu gün rəqəmsal dünya artıq sadəcə şəkillərin paylaşıldığı, dostların onlayn söhbət etdiyi əyləncə platforması deyil; bura həm də böyük risklərin, manipulyasiyaların və psixoloji təzyiqlərin gizləndiyi idarəolunmaz bir mühitdir. 16-18 yaş isə insanın özünü axtardığı, emosional qərarlara ən çox meylli olduğu, lakin həyat təcrübəsinin hələ tam formalaşmadığı keçid dövrüdür. Bu yaşda olan bir yeniyetmə xarici təsirlərə qarşı olduqca həssasdır və müəyyən təsirlərə məruz qalaraq aqressiv davranışlar nümayiş etdirir və ya psixoloji problemlərlə üzləşirlər. Bu baxımdan, dövlətin valideyn razılığı tələbini irəli sürməsi, gəncləri rəqəmsal aləmdən tamamilə qoparmaq deyil, onların arxasında hüquqi və mənəvi bir dayaq yaratmaq cəhdidir.
Məsələyə daha dərindən yanaşsaq, bu gün virtual mühitdə baş verən onlayn zorakılıq və şantaj hadisələrinin ən çox məhz bu yaş qrupunda qurbanlar seçdiyini görərik. Real həyatdan nümunə gətirsək, məktəblərdə müəllimlər tez-tez qeyd edir ki, bəzi şagirdlər dərs zamanı diqqətini itirir, gecələr sosial şəbəkələrdə aktiv olduqları üçün yuxu rejimi pozulur. Yeniyetmələr arasında bir-birinə qarşı təhqir, lağ etmə və psixoloji basqı sosial şəbəkələr vasitəsilə daha geniş yayılır.
Digər bir yanaşma, ali məktəbə hazırlaşan 17 yaşlı bir yeniyetmənin sosial şəbəkədə tanımadığı şəxslərin manipulyasiyasına məruz qalması, şəxsi şəkilləri və ya məlumatları ilə şantaj edilməsi halları az deyil. Belə vəziyyətlərdə gənclər daxili qorxu və utanc hissi səbəbindən problemi ailəsinə aça bilmir, nəticədə bu onların həm psixologiyasına, həm də gələcək təhsilinə ağır zərbə vurur. Qanunun tələb etdiyi valideyn nəzarəti mexanizmi isə elə ilk addımda — profilin açılması mərhələsində valideyni prosesə daxil edir, yeniyetməyə tək olmadığını və hər hansı təhlükə anında ailəsinə sığına biləcəyini aşılayır. Bu, sadə bir qadağa deyil, gəncin ətrafına çəkilən qoruyucu bir qalxandır.
Digər tərəfdən, sosial şəbəkə asılılığının yeniyetmələrin zaman idarəçiliyinə vurduğu ziyan da göz önündədir. Valideynin övladının rəqəmsal ayaq izlərindən xəbərdar olması, ona zamanı daha səmərəli bölüşdürməkdə və diqqətini real hədəflərinə yönəltməkdə kömək edir. Yəni, qanunun fəlsəfəsi gənci rəqəmsal dünyadan məhrum etmək deyil, onun bu dünyada təhlükəsiz və faydalı şəkildə mövcudluğunu təmin etməkdir.
16–18 yaş aralığı artıq fərdin formalaşma dövrüdür. Bu yaşda olan gənclər informasiya əldə etməyə, öz fikirlərini bölüşməyə və dünyagörüşlərini genişləndirməyə çalışırlar. Sosial şəbəkələr isə bunun üçün mühüm platformadır. Məsələn, bir çox yeniyetmə onlayn kurslar, maarifləndirici səhifələr və beynəlxalq layihələr vasitəsilə öz biliklərini artırır, hətta gələcək karyerası üçün ilkin addımlar atır. Odur ki, rəqəmsal əsrin gəncliyini tam qadağalarla çərçivəyə salmağın qeyri-mümkün olduğunu da anlamaq lazımdır. Sərt və mexaniki qadağalar isə sadəcə "qadağan olunmuş meyvə" sindromu yarada bilər; gənclər müxtəlif texniki yollarla (məsələn, VPN və ya saxta təvəllüdlərlə) bu maneələri aşmağa çalışarlar ki, bu da ailə ilə gənc arasında inamsızlıq uçurumu yaradar.
Bundan irəli gələrək, tam qadağa deyil, nəzarətli istifadə daha effektiv yanaşmadır. Valideyn razılığı mexanizmi də məhz bu məqsədə xidmət edir. Bu, həm valideynin övladının onlayn fəaliyyətindən xəbərdar olmasına, həm də müəyyən nəzarət imkanlarının yaranmasına şərait yaradır. Məsələn, valideyn uşağın hansı platformalardan istifadə etdiyini, kimlərlə ünsiyyət qurduğunu və hansı məzmunlara baxdığını müəyyən qədər izləyə bilər.
İnkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, burada uşaqlara erkən yaşlardan “rəqəmsal təhlükəsizlik” qaydaları öyrədilir. Onlara şəxsi məlumatların qorunması, şübhəli linklərdən uzaq durmaq və onlayn ünsiyyətdə etik davranış prinsipləri izah olunur. Bu yanaşma qadağadan daha çox şüurlu istifadə vərdişi formalaşdırır.
Cəmiyyət olaraq qarşıda duran əsas vəzifə balansı düzgün qurmaqdır. Məhz buna görə də qanunun gətirdiyi "valideyn razılığı" şərti cəmiyyətdə bir cəza üsulu kimi deyil, rəqəmsal valideynlik mədəniyyətinin formalaşması vasitəsi kimi qəbul edilməlidir. Bu tənzimləmə valideynə imkan verir ki, övladını qarşısına alıb internetin risklərini və imkanlarını onunla dostcasına müzakirə etsin. Nəticə etibarilə, indiki dövrdə belə bir nəzarətin tətbiq edilməsi tamamilə doğrudur və zəruridir. Çünki virtual dünya nə qədər sonsuzdursa, gəncliyimizin gələcəyi də bir o qədər qiymətlidir; bu gələcəyi nəzarətsiz axına buraxmaq olmaz.
Qeyd edilən belə nəticə hasil edir ki, yeniyetmə gənclərin sosial şəbəkələrə məhdudiyyət məsələsi birmənalı deyil. Bu, nə tam sərbəst buraxılmalı, nə də sərt şəkildə qadağan olunmalıdır. Ən optimal yol valideyn nəzarəti, maarifləndirmə və texnoloji təhlükəsizlik mexanizmlərinin birlikdə tətbiqidir. Çünki əsas məqsəd gəncləri yalnız qorumaq deyil, həm də onları rəqəmsal dünyanın məsuliyyətli istifadəçilərinə çevirməkdir. Qapıları kilidləmək çarə deyil, lakin açarı etibarlı əllərdə saxlamaq hər bir ailənin mənəvi borcudur.
Fərid Mehdiyev
Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes, menecment və marketinq kafedrasının dosenti, iqtisad elmləri üzrə fəlsəfə doktoru