ABŞ-ın daha bir şəhəri 28 May tarixini “Azərbaycanın Müstəqillik Günü” elan edib

23:02 - 28 May 2026 - Cəmiyyət

ABŞ-ın Hallandale Biç şəhərində 28 May – “Azərbaycanın Müstəqillik Günü” elan olunub

Ucnoqta.az-ın ABŞ bürosu xəbər verir ki, ABŞ-ın Florida ştatının Hallandale Biç şəhərində 28 May- Azərbaycanın Müstəqillik Günü münasibətilə xüsusi bəyannamə imzalanıb.

Şəhər meri Joy F. Kuper tərəfindən imzalanan rəsmi sənəddə 28 May tarixi “Azərbaycanın Müstəqillik Günü” elan edilib.

Bəyannamədə Azərbaycan icmasının Florida ştatında fəal iştirak etdiyi, regional müxtəlifliyə, multikultural dəyərlərə, sülhə və rifaha töhfə verdiyi vurğulanıb. Sənəddə həmçinin Azərbaycan-Amerika Gənclər Assosiasiyasının (AAYA) fəaliyyətinə xüsusi diqqət çəkilib.

Rəsmi mətndə qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə Şərqdə ilk demokratik respublikalardan biri olaraq qadınlara səsvermə hüququ verən öncül dövlətlərdən olub və demokratik dəyərləri ilə beynəlxalq ictimaiyyət tərəfindən tanınıb.

Bəyannamədə ABŞ ilə Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyəti də vurğulanıb.

Qeyd edək ki, sənəd Hallandale Biç şəhərinin meri Joy F. Kuper tərəfindən şəhər komissiyası adından imzalanıb və Florida ştatında fəaliyyət göstərən Azərbaycan Amerika Gənclər Assosiasiyasının prezidenti Nabat Eminovaya təqdim olunub.

Vüsalə Abbasova


Xəbər xətti