Boliviyada etirazlar zamanı 100-dən çox insan saxlanılıb

09:11 - 19 May 2026 - DÜNYA

Boliviyanın paytaxtı La Pazda etiraz aksiyasına çevrilən iğtişaşlar zamanı 100-dən çox insan həbs edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Unitel televiziya kanalı polis mənbələrinə istinadən məlumat verib.

İğtişaşlar və hüquq-mühafizə orqanları ilə toqquşmalar etirazçı fermerlər, mədənçilər və həmkarlar ittifaqı üzvlərinin şəhər mərkəzinə getmək üçün La Paza girməsindən sonra başlayıb.

Nümayişçilər hökumət binalarının yerləşdiyi meydana girməyə çalışanda polis gözyaşardıcı qazdan istifadə edib. Etirazçılar polisə daş və partlayıcılar atmağa başlayıblar.

Gün ərzində şəhərdə talanlar qeydə alınıb. Unitel bildirib ki, etirazçılar həmçinin məhkəmə binasına girərək dağıdıblar. Unitel-in məlumatına görə, yaralananlar arasında jurnalistlər və hüquq-mühafizə orqanlarının əməkdaşları da var.

Boliviyada bir neçə həftədir ki, hökumət əleyhinə etirazlar davam edir və ölkə daxilində yolların bağlanması ilə müşayiət olunur. Hakimiyyət orqanları təchizatdakı fasilələrə və iğtişaşlara görə keçmiş prezident Evo Moralesə bağlı sektorları günahlandırır.

Xəbər xətti