"ASAN Xidmət"ə yeni səlahiyyət verilib

14:09 - 28 Aprel 2026 - Ədəbiyyat

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə yeni səlahiyyətlər verilib.

Ucnoqta.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Dövlət xidmətləri haqqında" qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə 3 dekabr 2025-ci il tarixli fərmanında dəyişiklikdə öz əksini tapıb.

Fərmana əsasən, xidmət istifadəçisi üçün vahid hüquqi nəticənin yaranmasına səbəb olan hər hansı bir inzibati icraat fərqli xidmət təminatçıları tərəfindən təmin edilən bir neçə dövlət xidmətindən ibarətdirsə, həmin dövlət xidmətləri kiçik və orta biznes evlərinə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə münasibətdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən əlaqələndirilməklə formalaşdırılmalıdır.

Bundan başqa, dövlət xidmətlərinin göstərilməsinin çevikliyini, səmərəliliyini artırmaq, habelə xidmət istifadəçilərinin əlavə vaxt itkisinin və məsrəflərinin qarşısını almaq, xidmətlərin daha keyfiyyətli, rahat və innovasiyaları tətbiq etməklə həyata keçirilməsini təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda dövlət xidmətləri xidmət təminatçısına tabe olmayan, maraqlar toqquşmasını istisna edən nəzarət və monitorinq mexanizminin təmin edildiyi vahid və əlaqələndirilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vahid xidmət mərkəzlərində həyata keçirilə bilər. Bu halda xidmət təminatçısı tərəfindən vahid xidmət mərkəzlərində həyata keçirilən dövlət xidmətinin dizaynının hazırlanması və reqlamentinin təsdiq edilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla həyata keçirilir.

Dövlət xidmətinin göstərilməsi ilə əlaqədar həmin xidmət üzrə xidmət təminatçısından əlavə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən əlavə xidmətlər göstərilirsə, həmin fiziki və hüquqi şəxslərin siyahısı xidmət təminatçısının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəsmi internet informasiya ehtiyatında yerləşdirilir və aktuallığı təmin edilir.

Xəbər xətti