“İçərişəhər”də qala divarının uçması ... - Memar səbəbi açıqladı

16:31 - 9 Aprel 2026 - Xəbər

“Azı 900 il dayanan qala divarının növbəti dağıntısını "güclü yağışlar"la izah etməsi təəccüb doğurur. Bu, ciddi yanaşma deyil! Baş verənlərin əsas səbəbi — dəfələrlə yazdığım kimi — insanın dağıdıcı fəaliyyətidir”.

Ucnoqta.az xəbər verir ki, bunu tanınmış memar Elçin Əliyev bildirib.

O qeyd edib ki, son illər ərzində artıq ikinci dəfə qala divarı insanın nəzarətsiz təsərrüfat fəaliyyəti nəticəsində tab gətirməyərək uçub:

“2000-ci illərin əvvəllərində Kiçik Qala küçəsində sakinlər üçün geniş və rahat bulvar salınmışdı. Bu gün isə ondan demək olar ki, heç nə qalmayıb: çoxsaylı restoranlar bütün ərazini zəbt edib və piyadalar məcburən küçənin avtomobil hərəkət hissəsi ilə gedirlər!

Uçmuş hissəyə isə birbaşa nəzarətsiz fəaliyyət göstərən restoran bitişir. Qala divarında, məhz həmin yerdə, daxili tərəfdən bir pəncərə var idi və sonradan restoranın interyerinə daxil edilmişdi. Onun sonrakı taleyi isə məlum deyil. Bəlkə də genişləndirilib? Bu barədə heç bir məlumat yoxdur və təəssüf ki, restoran sahiblərinin fəaliyyəti lazımi qaydada nəzarətdə saxlanılmır — əsas diqqət yalnız yüksək gəlirə yönəlir.

Uçmuş divarın digər tərəfində isə İqtisad Universitetinin girişə qapalı olan daxili həyəti yerləşir. Burada da vəziyyət üzərində effektiv nəzarət yoxdur. Ərazidə gah köməkçi tikili inşa olunub, gah sökülüb, gah da Qarabağ müharibəsində həlak olanların adlarının əks olunduğu memorial yaradılıb Allah onlara rəhmət eləsin!).

Nəticədə, son illər ərzində artıq ikinci dəfə qala divarı insanın nəzarətsiz təsərrüfat fəaliyyəti nəticəsində tab gətirməyərək uçub.

Bu hadisə bizim üçün dərs olacaqmı? Bunu zaman göstərəcək.

Qeyd etmək lazımdır ki, "İçəri-Şəhər"in yeni rəhbərliyi problemi anlayır və qədim şəhərin həqiqətən mədəni və tarixi mərkəzə çevrilməsi istiqamətində, əyləncə obyektlərinin sayını azaltmaqla, müəyyən addımlar atır”.

Xatırladaq ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi aprelin 9-da Kiçik Qala küçəsində baş verən hadisəni aşınma kimi izah edib.///yenisabaH

Xəbər xətti