Yüksək nəticə göstərən şagirdlər mükafatlandırıldı - FOTO

15:43 - 13 Fevral 2026 - ÖLKƏ İÇİ

Məktəblilərarası fənn müsabiqəsi və Lütfi Zadə adına riyaziyyat - məntiq olimpiadasında yüksək nəticə göstərən şagirdlərin mükafatlandırma mərasimi keçirilib.

Ucnoqta.az xəbər verir ki, tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, rayon təhsil sektorlarının müdirləri, qalib şagirdlər, onların müəllimləri və valideynləri iştirak ediblər. Mərasimdə çıxış edənlər şagirdləri qazandıqları nailiyyətlər münasibətilə təbrik edərək bu uğurların arxasında dayanan zəhməti xüsusi vurğulayıblar. Bildirilib ki, əldə olunan nəticələr şagirdlərin məqsədyönlü çalışmasının, müəllimlərin peşəkar rəhbərliyinin və valideynlərin davamlı dəstəyinin məntiqi nəticəsidir.

Çıxışlarda qeyd olunub ki, məktəblilərarası fənn müsabiqəsi və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası şagirdlərin intellektual potensialının üzə çıxarılmasında, analitik və məntiqi düşünmə bacarıqlarının inkişafında, eyni zamanda sağlam rəqabət mühitinin formalaşdırılmasında mühüm rol oynayır. Bu cür bilik yarışları gənclərin elmə marağını artırmaqla yanaşı, onların gələcək akademik və peşəkar uğurlarına da möhkəm zəmin yaradır.

Tədbir iştirakçıları şagirdlərə gələcək mərhələlərdə və beynəlxalq arenada uğurlar arzulayaraq onları daim öz üzərlərində çalışmağa, yeni bilik və bacarıqlar qazanmağa səsləyiblər.
Sonda qalib şagirdlərə diplomlar, medallar və müxtəlif hədiyyələr təqdim olunub. Bu uğurlar bir daha göstərir ki, bölgə məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan məqsədyönlü işlər öz bəhrəsini verməkdədir.


Xəbər xətti