Prezidentin yüksək vəzifə verdiyi Rəşad İsmayılov kimdir? - DOSYE

15:38 - 10 Fevral 2026 - Xəbər

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad İsmayılov Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib.

Ucnoqta.az xəbər verir ki, Rəşad İsmayılov 27  avqust 1979-cu il təvəllüdlüdür.  Bakı Dövlət Universitetinin “hüquqşünaslıq” ixtisası  üzrə bakalavr  və magistr pillələrini bitirmişdir.

Əmək fəaliyyətinə 2000-ci ildə “Zəhmət” kiçik müəssisəsində hüquqşünas kimi başlamışdır. 2005-2006-cı illərdə “Star LTD” MMC-də hüquqşünas, 2006-cı ildə Azərbaycan Respublikası Auditorlar Palatası Gəncə şəhər Auditor təşkilatında hüquqşünas-mütəxəssis, 2006-2009-cu illərdə  Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi, 2009-cu ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Hüquq şöbəsində böyük hüquq məsləhətçisi, 2010-2012-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin Mənzil Kommunal  və təmir xidmətində hüquqşünas, 2012-2013-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin Hüquq və təşkilati təminat şöbəsinin Hüquq ekspertiza sektorunun baş məsləhətçisi, 2013-2016-cı illərdə Hüquq və təşkilati təminat Hüquqi ekspertiza sektorunun müdiri, 2016-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaat Agentliyinin Hüquq və nəzarət şöbəsinin müdir müavini, şöbə müdiri, 2018-2019-cu illərdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının Hüquq və daxili nəzarət şöbəsinin müdiri, 2019-2024-cü illərdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Aparat rəhbəri vəzifələrində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 15 avqust  2024-cü il tarixli 251 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdir.

Xəbər xətti