Sabahdan istilik mövsümü başlayır

13:13 - 14 Noyabr 2025 - ÖLKƏ İÇİ

Sabahdan Azərbaycanda növbəti istilik mövsümünə start verilir.

Ucnoqta.az bu barədə “Azəristiliktəchizat” ASC-yə istinadən xəbər verir.

Məlumata görə, hazırda “Azəristiliktəchizat” ASC-nin balansında olan 3 871 yaşayış binası istiliklə təmin olunur. Həmçinin təqribən 185 min mənzil, 449 təhsil müəssisəsi, yəni bağçalar və məktəblər, 152 səhiyyə obyekti, 2 224-ü sosial və təsərrüfat obyetkləri “Azəristiliktəchizat” tərəfindən mərkəzləşdirilmiş qaydada istiliklə təmin olunur.

Qurumun 2025-2026-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq istilik təchizatı obyektlərinin, o cümlədən qazanxana, istilik şəbəkələri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların etibarlığının və dayanıqlığının təmin edilməsi məqsədi ilə bu il 1 000 km-dən çox istilik xətləri hidravliki təzyiqə yoxlanılıb və 10 km-dən çox müxtəlif diametrli magistral və məhəllədaxili istilik xətləri dəyişdirilərək yenilənib.

Qeyd edək ki, Azərbaycanda istilik mövsümü gələn il aprelin 15-nə qədər davam edəcək.

Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”na əsasən respublikanın dağ rayonlarında noyabrın 1-dən istilik verilişinə başlanılıb. Ölkə üzrə 14 dağ rayonundan Cəmiyyətin qazanxanalarının mövcud olduğu 9 dağ rayonunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı) payız-qış mövsümü ərzində 39 qazanxana və 1 istilik məntəqəsi fəaliyyət göstərir və mövsüm gələn il mayın 1-nə qədər davam edəcək.

Xəbər xətti