“Bizi sənsiz buraxma...”

18:11 - 31 İyul 2025 - Mədəniyyət

Əməkdar artist Aybəniz Haşımova paylaşım ilə diqqət çəkib.

Ucnoqta.az xəbər verir ki, xanım sənətçi reanimasiyada olan Xalq artisti Arif Babayevi yuxuda gördüyünü bildirib:

"Bu gecə Arif müəllimi yuxumda gördüm. Amma onu o halda görmək istəməzdim. Sanki məni görmürdü, təkcə səsimi eşidirdi. Hərəkətsiz və sakitcə nəfəs alırdı, sanki içində son segahını oxuyurdu. Necə pis olurmuş bülbülün susması. Sənə Leylidən oxuyummu, - dedim. Elə bil hiss etdi, duydu dediyimi. Oxudum...Sanki səsimin izini axtarırdı ki, görsün hardayam. Yanındayam, ustad, yanındayam, Arif müəllim. Təəssüf ki, yuxuda yanındayam... Kaş ki bunlar hamısı yuxu olaydı, oyanaydın... "Qorxma, qızım, yaxşıyam" - deyəydin. Çox pisəm, ustad, çox pis, oyan.

Ömrümdə ağlıma gəlməzdi belə yuxu. Kaş ki görməsəydim, bu yuxunu, Arif müəllim. Birdən yadıma uşaqlığımda o günlərdən biri, Arif müəllimin mənə bağışladığı broşuranı xatırladım.

Dərhal şəkillərimin arasından tapdım onu, əlimə aldım, baxdım...

Və bir cümlə gözümə sataşdı: "Mən səndən bir müəllim kimi həmişə razı qalmışam. Qoy sənin incə səsindən zövq almaq üçün xalqımız səni öz köməyinə çağırsın".

İndi mən səni səsləyirəm, Arif müəllim, oyan.

Mən kimi köməyimizə çağırım? Kimə üz tutaq, kimə yalvaraq? Bircə sən oyanasan...

Sevdiyin xalqın xatirinə, oyan. Sənsiz qalmış evin xatirinə, oyan. Səssiz-sədasız çarpayının xatirinə oyan. Naxışlı fincanının xatirinə, oyan... Oyan, Arif müəllim...

Sənə yalvarıram, oyan! Bizi bu sınaqda tək qoyma. Səsin, nəfəsin, nəfəsinlə yoğrulmuş muğamın hələ çox ürəyə yol tapmalıdır. Bizi sənsiz buraxma...".

Xəbər xətti