Cənub bölgəsində yeni turizm təşəbbüsü - FOTO

08:51 - 9 İyul 2025 - ÖLKƏ İÇİ

5 iyul 2025-ci il tarixində Lənkəranın Palıdlı Sahil istirahət kompleksində keçirilmiş təqdimat tədbiri zamanı “Azərbaycan Cənub Turizm Assosiasiyası”nın yaradılması rəsmi olaraq ictimaiyyətə təqdim olunub.

Ucnoqta.az xəbər verir ki, tədbirdə turizm, mədəniyyət, kənd təsərrüfatı və sahibkarlıq sahəsində fəaliyyət göstərən şəxslər, yerli icma nümayəndələri və media təmsilçiləri iştirak etmişlər.
Təqdimat zamanı assosiasiyanın yaradılma məqsədi, əsas fəaliyyət istiqamətləri və bölgə üçün nəzərdə tutulan faydaları iştirakçılara ətraflı izah edilmiş, eləcə də qonaqların sualları cavablandırılmışdır. Yeni yaradılmış assosiasiyanın əsas hədəfi – Azərbaycanın cənub bölgəsində (xüsusilə Lənkəran, Astara, Masallı, Lerik, Cəlilabad və Yardımlı rayonları) turizmin və aqroturizmin davamlı və sistemli inkişafına dəstək göstərmək, yerli icmaların turizmə inteqrasiyasını gücləndirməkdir.

Tədbirdə vurğulandı ki, assosiasiyanın fəaliyyəti nəticəsində bölgədə yeni iş yerlərinin yaradılması, gənclər və qadınlar üçün məşğulluq imkanlarının genişlənməsi, yerli kənd təsərrüfatı məhsullarının turizm vasitəsilə tanıdılması və satış potensialının artırılması, həmçinin ekoloji turizmin təşviqi və mədəni irsin qorunması istiqamətində mühüm addımlar atılacaq.

Azərbaycan Cənub Turizm Assosiasiyası həm də yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıqlar quraraq, bölgənin tanınmasına, turizm sahəsində bacarıqların artırılmasına və təbiətin davamlı istifadəsinə xidmət edəcək.
Tədbir sonunda iştirakçılar assosiasiyanın təşəbbüsünü yüksək qiymətləndirmiş və gələcək fəaliyyətlərdə dəstək verməyə hazır olduqlarını ifadə etmişlər.


Xəbər xətti