Elm adamları peçenye, dondurma, səhər yeməyi taxılları və qazlı içkilər kimi ultra emal olunmuş qidaların yüksək istehlakının erkən ölümlə əlaqəli ola biləcəyini aşkar ediblər.
Ucnoqta.az xəbər verir ki, nəticələri “American Journal of Preventive Medicine”də dərc edilən araşdırma çərçivəsində alimlər Avstraliya, Braziliya, Kanada, Çili, Kolumbiya, Meksika, İngiltərə və ABŞ-da 30-69 yaşlı insanların qidalanma vərdişləri və ölüm səbəbləri ilə bağlı sorğuları araşdırıblar.
Elm adamları öz araşdırmalarında ABŞ və Böyük Britaniyada vaxtından əvvəl ölümlərin təxminən 14 faizini bu qidaların vurduğu zərərlə əlaqələndiriblər, burada dadlandırıcılar və yüksək şəkər, doymuş yağ və duz ehtiva edən ultra emal olunmuş qidaların daha çox istehlakı çox yaygındır.
Kolumbiya və Braziliya kimi ultra emal olunmuş qidaların daha az istehlak edildiyi ölkələrdə elm adamları bu qidaların vaxtından əvvəl ölümlərin təxminən 4 faizi ilə əlaqəli olduğunu tapıblar.
Elm adamları bu məlumatlara əsaslanaraq, 2018-ci ildə ABŞ-da təxminən 124 min vaxtından əvvəl ölümün həddindən artıq işlənmiş qidaların istehlakı ilə əlaqəli ola biləcəyini, İngiltərədə isə bu rəqəmin 18 min civarında ola biləcəyini söyləyir.
Araşdırma nəticəsində həddindən artıq işlənmiş qidaların birbaşa vaxtından əvvəl ölümə səbəb olduğu qənaətinə gəlmək mümkün olmadığını bildirən alimlər, insanın idman səviyyəsi, həyat tərzi kimi amillərin də mühüm rol oynadığını vurğuladılar.