Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloqger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda A. Lapşinin vəkili Eduard Çernin çıxış edib. O, çıxışında A. Lapşinə bəraət istəyib. Vəkil deyib ki, A. Lapşinə qarşı irəli sürülən ittihamlar əsassızdır: "Burada verilən ekspert rəyi də mötəbər sübutlara əsaslanmayıb. Çünki Lapşin məqalələrində heç bir halda Azərbaycanın ərazi bütövlüyünü pozan çağırışlar etməyib".
Bundan sonra A. Lapşin son sözlə çıxış edib.
Xatırladaq ki, prokuror A. Lapşinin cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 6 il 6 ay müddətində azadlıqdan məhrum edilməsini istəyib.
Dövlət ittihamçısı deyib ki, A. Lapşin cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən, Azərbaycanın hüdudlarından məcburi şəkildə kənarlaşdırılmalıdır.
Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.
A. Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunur.