Türkiyənin baş naziri Binali Yıldırım ölkənin əsas müxalifət partiyası olan CHP-nin millət vəkili Enis Berberoğlunun həbsinə etiraz əlaməti olaraq Ankaradan İstanbula yürüşə başlamasını şərh edib. Ucnoqta.az salamnews-a istinadən verdiyi xəbərə görə, cümə namazından sonra jurnalistlərlə söhbət edən Yıldırım bildirib ki, küçələrə düşərək ədalət axtarmaq olmaz. "Küçədə ədalət axtarılmaz. Oraya bu istidə, mübarək Ramazan ayında getməyə lüzum yoxdur. Hörmətli Kılıçdaroğlu İstanbuldakı Maltepə rayonuna sürətli qatarla gedə bilər, əziyyət edir özünə. Kılıçdaroğlu adi bir insan deyil. Konstitusiyaya, qanunlara, hüquqa ən çox hörmət göstərməli olan şəxsdir. Bu yol yol deyil. Bu işdən imtina etməsini tövsiyə edirəm.", - Türkiyənin hökumət başçısı belə deyib. Xəbər verdiyimiz kimi, CHP millət vəkili, “Hürriyet” qəzetinin sabiq baş redaktoru Enis Berberoğlunun həbsinə etiraz əlaməti olaraq, Ankaradan İstanbula böyük yürüşə başlayıb. Bildirilir ki, Ankaradakı Güven parkından başlayan yürüş E.Berberoğlunun saxlanıldığı İstanbuldakı Maltepe həbsxanasına qədər davam edəcək. 69 yaşlı Kılıçdaroğlu bir gündə 18 kilometr yol qət edəcəklərini deyib. Yürüşün 28 gün davam edəcəyi gözlənilir.