Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür

08:00 - 18 İyun 2026 - ÖLKƏ İÇİ

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu gündür.

Ucnoqta.az xəbər verir ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. M.Piriyev adına Əliabad kənd orta məktəbini 2005-ci ildə bitirib və elə həmin il həqiqi hərbi xidmətə çağırılıb.

Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
2009-cu ilin avqust ayında könüllü olaraq hərbi xidmətə qayıdıb. Bu dəfə gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

2010-cu il iyunun 18-də gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin mövqeyinə hücum edib. Qeyri-bərabər 5 saat təkbətək davam edən döyüşdə çox sayda düşmən əsgər və zabitini məhv edərək qəhrəmancasına şəhid olub.

Azərbaycan Prezidentinin sərəncamı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı (ölümündən sonra) verilib.

Xəbər xətti