Külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Toğrul Kərimovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Ucnoqta.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Toğrul Kərimova 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Qeyd edək ki, ittihama görə, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Toğrul Kərimov Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, sosial şəbəkələrdə özünü Türkiyənin tanınmış dənizçilik şirkətlərindən birinin Bakı nümayəndəsi kimi təqdim edərək, vətəndaşlara həmin şirkətə işə düzəlmək və sertifikat almaq imkanları vəd edib və bu vədlərlə onların pul vəsaitlərini ələ keçirib.
Cinayət işi üzrə materiallara əsasən, T.Kərimov 2022–2023-cü illər ərzində 181 vətəndaşdan ümumilikdə 52,725 manat məbləğində vəsaiti dələduzluq yolu ilə mənimsəyib. O, vətəndaşlardan hər birindən 300–700 manat aralığında pul alaraq, onları “Arif Kalkavan – AKO” MMC-yə işə düzəldəcəyi və dənizçilik üzrə sənəd verəcəyi vədi ilə aldadıb. Eyni zamanda, o, “Tap.az” platformasında yerləşdirdiyi elanlar və “TikTok” sosial şəbəkəsində paylaşılan saxta reklamlar vasitəsilə vətəndaşları aldatmaqla onlara müxtəlif sahələrdə iş vədi verib, bu üsulla da əlavə vəsaitlər əldə edib.
İş üzrə toplanmış sübutlar zərərçəkmiş və şahid ifadələri, ödəniş qəbzləri, yazışmalar və digər sənədlər təqsirləndirilən şəxsin qeyd olunan əməlləri törətməsini tam sübut edib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.///apa