Bakıda parkı təmir adı ilə restoran etdilər - FOTOLAR

16:22 - 14 İyul 2025 - Cəmiyyət

7 il əvvəl bir məhkəmə işi ilə bağlı Nizami Rayon Məhkəməsinə getmişdim. Məhkəmədən çıxandan sonra həmkarlarla piyada metrostansiyaya tərəf getməyə başladıq. Yolda diqqətimi bir mənzərə çəkdi.

Hasara alınmış yaşıllığın ətrafına böyük hərflərlə “Parkda abadlıq işləri aparılır. Müvəqqəti narahatçılığa görə üzr istəyirik” yazılmışdı.

Həmin mənzərəni telefonla çəkərək feysbuk hesabımda paylaşdım. Qeyd olaraq da yazmışdım ki, abadlığın sonunu gözləyək. Yolda həmkarlarla söhbət edən zaman da bu “abadlığın” sonunun yaxşı olmayacağı barədə həmfikir olmuşduq. Elə də oldu...

İllər keçdi, yaşıllıq ərazi “abadlaşdı”, amma insanlar üçün yox, sahibkar üçün. Yaşıllıq ərazi “abadlaşıb”, park yox, restoran oldu. Yəqin ki, “parkda abadlıq işləri aparılır” deyəndə elə o vaxtdan restoranın adını- “Sherlock Park”ı nəzərdə tuturmuşlar. Amma bizim nəzərdə tutuduğumuz park, bu park deyildi...

Aydın məsələdir ki, illərdir Bakıda icra hakimiyyətlərinin, dövlət qurumlarının, sahibkarların danışdığı ən böyük yalanlardan biri budur: “Abadlıq işləri gedir. Narahatçılığa görə üzr istəyirik...”

Amma sonda baxırsan ki, üzrləri qəbahətlərindən böyükdür... Amma bu mənzərə bizləri narazı salsa da, məmurları və sahibkarları razı salır...
///Musavat.com

Xəbər xətti