Ucnoqta.az
www.ucnoqta.az

"Avropa qorxdu, qorxaqları isə masaya dəvət etmirlər"

12:46 - 14 Avqust 2025 tarixində dərc olunub.

"Alyaska görüşünə Ukrayna, AB və Britaniya dəvət almayıblar – bu da dəvət olunmayanları ciddi şəkildə narahat edir. Çünki, sən masa arxasında qonaq kimi deyilsənsə, masanın üzərində yemək kimi ola bilərsən". 

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ və Rusiya arasında Alyaskada keçiriəcək görüşü şərh edərkən Real partiyasının sədri Natiq Cəfərli deyib.

"Yaxşı, “Qoca Qitə”, sivilizasiyaların “beşiyi” niyə bu günlərə qaldı, nədən danışıqların subyekti deyil də, obyektinə çevrildi?!

Bu haqda bir neçə dəfə yazmışam, qısa xatırladım ki, AB-nin bu günə düşməsi öz günahlarıdır – 80 ildir öz təhlükəsizliyini könüllü olaraq ABŞ-a təhvil verəndə, silah və sursat məsələsində Amerikadan bu qədər asılı olanda, ABŞ da istədiyi kimi davranmaq imkanı qazanır" Cəfərli deyib. 

Natiq Cəfərli bildirir ki, AB ölkələrinin ritorikası tam doğrudur:

"Ukrayna güzəştə getməməlidir, ərazi bütövlüyü təmin olunmalıdır, suverenliyi müzakirə predmeti olmamalıdır, sərhədlər güc yolu ilə dəyişdirilməməlidir - əla, doğru, düzgün tezislərdir. Amma, bu tezislərin altını doldurmağa güc, əməl yoxdursa, boş söz yığınıdır. 

AB masada olması üçün nə etməli idi – onu da deyim. Təcavüzkar Rusiya, beynəlxalq hüquqa istinad edərək Şimali Koreya ilə müqavilə bağladı, 10-15 min arası koreyalı əsgəri öz ərazisinə gətirdi, onlar Rusiya üçün vuruşdular, öldülər-öldürdülər. Moskva o əsgərləri rəsmi olaraq Kursk vilayətinə gətirdi, o torpaqlar beynəlxalq hüquqa, BMT sənədlərinə görə legitim Rusiya ərazisi idi – və bunu əsas gətirərək koreyalıları rəsmi sənədlərlə öz ərazisinə gətirdi. Kurs vilayətində Ukrayna ordusunun çıxarılmasında koreyalılar mühim rol oynadılar".

Ekspert qeyd edir ki, yaxşı, AB ölkələrinə nə mane olurdu ki, Ukrayna ilə EYNİ hüquqa malik müqavilə bağlayıb əsgər göndərsinlər?!

"İğalçı Rusiya BMT sənədlərə və büynəlxalq hüquqa istinad edib Şimali Koreyadan əsgər gətirir, amma işğala məruz qalan Ukraynaya heç bir Avropa dövləti eyni jesti etmir-etmək istəmir. Hə, deyəcəksiniz ki, o ölkələrin çoxu NATO üzvüdürlər, bu NATO-Rusiya müharibəsi ola bilərdi – bu da yanlış tezisdi. Əvvala, Avropada NATO üzvü olmayan ölkələr də var, onların biri-ikisi ilə Ukrayna müqavilə bağlaya, həmin ölkələrin bayrağı altında isə bütün Avropadan RƏSMİ əsgərlər Ukraynaya yardıma gələ bilərdilər. Bilirəm ki, azsaylı könüllülər var, amma, söhbət Şimali Koreya misalında olduğu kimi RƏSMİ ordudan gedir. Bu addım Rusiyanı çəkindirə, Avropanı masaya otuzdura bilərdi". 

"Avropa isə qorxdu, belə bir addım atmadı, sözlə dəstəyə üstünlük verdi – qorxaqları isə masaya dəvət etmirlər. Ona qalsa, NATO dövləti olan Türkiyə çəkinmədən Azərbaycanla hərbi saziş, Şuşa Bəyannəməsi imzaladı – qorxmadı, ona görə də Rusiya bu addımla hesablaşmağa məcbur qaldı. 

AB başqa addım da ata bilərdi – Rusiya öz məhdud iqtisadi vəziyyətinə baxmayaraq rəsmi səfərbərlik etmədən (bir tək 2022-də məhdud etdi, qeyri-populyar addım oldu, saxladılar) muzdlu əsgər toplamağı bacardı. Orduya yazılanlara ayda 205 min rubl maaş, yaralananlara 1,5-2 mil. rubl, ölənlərin ailələrinə isə 7 mln. rubl pul ödəyir. Ukraynada isə səfərdərlik çox ağır gedir, insanları bəzən zorla orduya yığırlar – olmazdımı ki, elə həmin Avropanın rahatlığını şərq qapısında qoruyan Ukrayna Ordusunun əsgərlərinə maaşı AB verərdi?! Deyərdilər ki, kim orduya yazılırsa, AB büdcəsindən onlara ayda, məsələn, 3000 avro maaş, yaralananlara 200 min avro, həlak olanların ailələrinə 500 min avro ödəniş edəcəklər – bunu da etmədilər. 

Dünya belədir, hərəkət etmədən bərəkətin olmaz – AB ölkəri öz hərəkətsizliyinin acısını, ağrısını çəkirlər, bunun bədəlini isə qəhrəman Ukrayna xalqı, Ukrayna əsgəri ödəyir.

Alyaska görüşündə həmən ciddi irəliləyiş gözlənilmir, amma, istənilən halda dost Ukrayna dövləti, qəhrəman Ukrayna xalqı üçün daha ağır şərtlər masada olacaq. Masanın üzərində..." - Natiq Cəfərli əlavə edib. 

Müəllif: Ucnoqta.az redaksiyası