Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Lənkəran şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə “Şəfəq” Ekoturizm ictimai birliyinin icra etdiyi “Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran rayonun Osaküçə kəndində seminar-müzakirə xarakterli tədbir həyata keçirilib.
Tədbirdə ümumilikdə 15 nəfər kənd turizmi və kənd təsərrüfatının müxtəlif istiqamətlərində çalışan sahibkar, bu sahəyə maraqlı yerli kənd sakinləri iştirak edib.
Tədbirin proqramı və layihənin məqsədi, layihəyə maliyyə dəstəyi göstərən QHT Agentliyi ilə bağlı birliyin prezidenti, layihə rəhbəri Vamiq Babayev tərəfindən geniş məlumat verilib, layihənin hədəfləri iştirakçıların diqqətinə çatdırılıb. Daha sonra tədbirdə iştirak edən Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Osakücə kənd İƏD üzrə nümayəndəsi Ramin Dövlətov çıxış edərək dövlətin turizm sahəsinə, o cümlədən kənd turizminə diqqət və qayğısını qeyd edib, kənddə fəaliyyət göstərən turizm obyektlərinin, kənd edvlərinin fəaliyyəti barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb və belə layihələrin kənddə icra edilməsinin əhəmiyyətini vurğulayıb.
Birliyin idarə heyətinin üzvü, layihə üzrə ekspert Rafət Şirəliyev tərəfindən iştirakçılarla kənd yaşıl turizm fəaliyyəti, turizm və kənd təsərrüfatının uyğunlaşdırılması, kənd turizmi məhsulları və onların yaradılması, faydaları, regionda yaşıl turizm imkanları, kənd yaşıl turizmi sahibkarlıq fəaliyyəti kimi, biznes yanaşması mövzusunda məlumatları bölüşüb və müzakirələr aparılıb.
Geniş müzakirələrdən sonra iştirakçılar tədbirin onlar üçün əhəmiyyətini qeyd edib gələcəkdə kənd təsərrüfatı sahibkarlarına kənd yaşıl turizm fəaliyyətinin qurulmasında əlavə dəstəyin verilməsinin vacib olduğunu qeyd ediblər.
Məlumat üçün bildiririk ki, layihənin yekununda KİV, QHT, Turizm şirkətlərinin nümayəndələri və digər ictimai-fəal gənclərin iştirakı ilə Astara və Lənkəran rayonuna 2 günlük infoturun təşkili də nəzərdə tutulub və bu barədə iştirakçılar məlumatlandırılıb.
Qeyd edək ki, layihənin məqsədi müvafiq olaraq istehsal və xidmət sahəsində kiçik və orta sahibkarlığı inkişaf etdirmək, ailə kəndli təsərrüfatlarının fəaliyyətini stimullaşdırmaq, onların məşğulluq problemlərinin həllinə kömək etmək və kənd yaşıl turizm məhsul və xidmətlərinin alıcılara çatdırılmasını təşviq etməkdir.