Sahibkar İlon Maska məxsus Amerikanın elektrik avtomobil istehsalçısı Tesla bazar ertəsi Hindistanın paytaxtında ilk sərgi salonunu açıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Business Standard” məlumat yayıb.
İyul ayında elektrik avtomobil nəhəngi Hindistanın maliyyə paytaxtı Mumbayda ilk Tesla Təcrübə Mərkəzi mağazasını açıb. Son bir neçə ildir Hindistan bazarına çıxmağı planlaşdıran Tesla tərəfindən Hindistanda ilk iki flaqman salonunun açılışından sonra Banqalorda və Cənubi Asiya respublikasının digər böyük şəhərlərində yeni mağazalar açılacağı gözlənilir.
Amerika şirkəti ənənəvi bazarlara tələbin azalması fonunda yeni böyüyən bazarları inkişaf etdirməyə çalışır. Sərgi salonlarının açılması istehlakçı marağını və bazar potensialını qiymətləndirmək üçün strateji addım kimi qiymətləndirilir.
Yeni Dehlidəki Aerocity kompleksindəki Tesla sərgi sahəsi təxminən 740 kvadratmetr sahəni tutur.
Model Y orada nümayiş etdirilir, bir neçə avtomobil Hindistanın paytaxtına Şanxaydan gətirilib. Onların dəyəri 6 milyon hind rupisindən (təxminən 70 min dollar) başlayır. Tesla, sentyabr ayına qədər Hindistana elektrik avtomobillərinin müntəzəm tədarükünə başlamağı və ölkədə elektrikli avtomobillər üçün enerji doldurma stansiyaları şəbəkəsini genişləndirməyi planlaşdırdığını açıqladı.