Bəşər tarixi yarandığı gündən qadın və kişi bərabərliyi sualı insanları düşündürür
Zaman keçdikcə, hər bir ölkənin inkişaf tendensiyasına və mənsub olduğu xüsusiyyətlərinə görə cəmiyyətdə qadın və kişinin rolu dəyişir.
Gün.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının bu gün keçirilən iclasında çıxışı zamanı dilə gətirib.
Onun dediyinə görə, müasir cəmiyyətdə qadının statusundan danışarkən,ilk öncə həmin ölkənin inkişaf yoluna nəzər salmaq lazımdır:
“Bu gün Azərbaycan qadının cəmiyyətdəki rolundan qürurla söhbət açırıq. Ölkəmiz müstəqillik əldə etdikdən sonra, qadın probleminin qoyuluşu və həllində, qadın hərəkatının geniş vüsət tapması və reallaşması sahəsində demək olar ki, dönüş əsri olmuşdur. 1918 - ci ildə Azərbaycanda – müsəlman Şərqində ilk demokratik respublika olaraq qadınlara seçmək və seçilmək hüququ verilmişdir. Bu, bir çox Qərb ölkələrindən fərqli olaraq,əvvəl baş vermişdir.
Məhz XX əsrdə ölkəmizdə qadın hüquqlarının təmin olunması məsələsi müxtəlif qanunlarında, bir çox digər rəsmi sənədlərində, öz əksini tapmışdır. Qərb və Şərqin, o cümlədən Azərbaycanın həyatında baş verən ictimai-siyasi və mədəni tərəqqi sahəsindəki bütün dəyişikliklərdə də qadınların rolu böyük olmuşdur. Ölkəmizdə qadınların fəal ictimai fəaliyyətlə məşğul olmalarını çoxsaylı faktlar da təsdiqləyir. Qanunverici orqanın rəhbərliyində, parlamentin üzvləri arasında kifayət qədər zərif cinsin nümayəndələri var, azəri xanımları hüquq mühafizə və ədliyyə orqanlarında təmsil olunur,biznes fəaliyyəti ilə məşğul olurlar”.
Millət vəkili çıxışında qeyd edib ki, qadınların cəmiyyətdəki yeri və rolunun digər mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır:
“ Azərbaycan qadınına milli mənliyimizdə dərin kök salmış ənənələr məxsusdur ki, bu amil özünü tarix boyu göstərib. Nəciblik, xeyirxahlıq, fədakarlıq, mətinlik, qayğıkeşlik, insanpərvərlik. Bu keyfiyyətlər Azərbaycan qadınına xas xüsusiyyətlərdir. Azərbaycanda qadın hüquqlarının müdafiəsi məsələlərinə böyük diqqət yetirilir. 14 yanvar 1998-ci ildə Prezidentin Fərmanı ilə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə bu sahədə mövcud olan problemlərin həlli ilə bağlı fəaliyyət növlərini tənzimləyir.
6 fevral 2006-cı ildə ailə və uşaqların probleminin həllinə yönəlmiş əlavə rüsumların hesabına Komitə öz portfelini genişləndirmiş, beləliklə də Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi yenidən yaradılmışdır. Komitə yarandığı andan ailə başçısı olmayan ailələrdə yaşamaq üçün vəsaitlərin əldə edilməsi planında qadınların vətəndaş cəmiyyətində müstəqillik qazanmasına yardım edir.
2011-ci ildə “Xüsusi qayğıya ehtiyaclı qadın, uşaq, aztəminatlı ailələrin hüquqlarının təbliği məqsədilə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin potensialının gücləndirilməsi” adlı layihənin həyata keçirilməsinə başlanılmışdır. Bu layihə 23 mərhələdən ibarətdir. Hər bir mərhələdə yuxarıda qeyd edilən potensialların gücləndirilməsi üçün tədbirlər görüləcəkdir. Bu layihə Avropa Birliyinin. ekspertlərinin və AR Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə hazırlanmışdır”.
S. Fətəliyeva onu da bildirib ki, layihədə iştirak etmək üçün Avropa Birliyinin bəzi ölkələrində tender elan edilmiş və tenderdə Almaniya, Böyük Britaniya, İtaliya, Yunanıstan, İspaniya və Fransa kimi dövlətlər iştirak etmişlər:
“Milli Məclis 2010-cu ildə məişət zorakılığının qarşısının alınması haqqında Qanun qəbul etmişdir. Bu Qanun ailələrdə məişət zorakılığının qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin görülməsini nəzərdə tutur. Azərbaycanın ərazisinin 20%-ni işğal etməsi nəticəsində öz doğma evlərindən didərgin düşmüş bir milyona qədər Azərbaycan vətəndaşı arasında qadınların sayı çoxdur. Qarabağ münaqişəsinin nəticələrindən gələn əsas problemlərin ağırlığı başlıca olaraq qadınların üzərinə düşdü.
Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində bir milyon vətəndaşın, o cümlədən qadınların insan hüquqları pozulmuşdur. Məhz bu problemlərin həlli beynəlxalq təşkilatların daim gündəliyində olmalıdır. Dünyada formalaşan siyasi, ictimai, sosial, dini sahələrdə stereotipləri dağıtmaq lazımdır.Bu isə insanlardan asılıdır”.
Kamil Həmzəoğlu
Gün.Az